Bakı. Trend:
Cənubi Qafqazın ən iri sement istehsalçısı kimi 2013-cü ildən etibarən fəaliyyət göstərən “Norm” ASC ilə enerji sənayesində qlobal texnologiya lideri qismində ölkədə 25 ildən artıq müddət ərzində fəaliyyət göstərən Azərbaycandakı SLB şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində tərəflər arasında Norm Sement zavodunun G sinif quyu-tamponaj sementinin istehsal imkanlarının birgə sınaqdan keçirilməsi və inkişaf etdirilməsi barədə razılıq əldə olunub. Norm Amerika Neft İnstitutu (API) tərəfindən sertifikatlaşdırılıb və G sinif quyu-tamponaj sementi Norm Sement zavodunda istehsal olunur. G sinif sement kimi məhsulların lokallaşdırılması iqtisadi inkişafın və genişlənmənin əsas hərəkətverici amillərindən biri olaraq, Azərbaycanın və Xəzəryanı ölkələrin neft-qaz sektoru üçün başlıca prioritetdir.
Memorandum həmçinin texniki sahədə əməkdaşlığa töhfə vermək, hər
iki şirkətin laboratoriyaları arasında qarşılıqlı əlaqələrin
qurulmasını təşviq etmək və müxtəlif yerli inkişaf imkanlarından
istifadə etmək məqsədi daşıyır. Azərbaycandakı SLB şirkəti ilə
tərəfdaşlıq hər iki tərəfin ölkəyə verdiyi töhfəni və yerli
sənayedə hazırkı istifadəsi ilə yanaşı, “Norm” ASC-nin G sinif
quyu-tamponaj sementinin istehsal imkanlarının inkişaf
etdirilməsini ifadə edir.
Azərbaycandakı SLB şirkəti qabaqcıl texnologiyalardan və
innovasiyalardan istifadə edir və Azərbaycan Respublikasında milli
və beynəlxalq səviyyədə fəaliyyət göstərən tanınmış enerji
şirkətlərinin iştirak etdiyi iri neft və qaz layihələrində mühüm
rol oynayır.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.