...

Azərbaycan rumıniyalı investorları AFEZ-ə dəvət edir

İqtisadiyyat Materials 1 Aprel 2024 13:04 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hökuməti rumıniyalı investorları Ələt Azad İqtisadi Zonasında (AFEZ) fəaliyyət göstərməyə dəvət edir, bu onlar üçün Azərbaycanda maksimum əlverişli biznes ərazisi olacaq.

Trend xəbər verir ki, bu barədə bu gün AFEZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu gün Bakıda keçirilən 8-ci iclasında deyib.

V.Ələsgərov AFEZ-in fəaliyyətinin yeni cəlbedici məqamı qismində 2026-cı ilin birinci yarısından azad iqtisadi zonanın (AİZ) ərazisində yük terminallarının istismara verilməsini qeyd edib. Başlanğıc mərhələdə bu terminalların köməyilə 500 min ton yük daşıncaq, gələcəkdə isə bu həcm təqribən 1,5 milyon tona qədər artırılacaq.

"Rumıniyanın istənilən təklifini dəyərləndirməyə hazırıq və innovativ texnologiya və yanaşmalardan istifadə edəcək, eləcə də ixracyönümlü yüksək əlavə dəyərin yaradılması ilə məşğul olacaq investorlara üstünlük verəcəyik", - deyə o əlavə edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il mayın 22-də Bakı şəhərinin Qaradağ rayonunda Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında sərəncam imzalayıb.

AİZ 2022-ci ilin iyul ayından "Ələt Azad İqtisadi Zonası" haqqında qanuna əsasən fəaliyyətə başlayıb.

AFEZ-in yaradılması ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların həcminin artırılmasına yönəlib. Qanunvericilik AİZ-də çalışan əcnəbi ixtisaslaşmış personalı gəlir vergisi, sosial sığorta ödənişləri və digər bu kimi vergi və ödənişlərdən azad edir.

AİZ-dəki şirkətlər bütün gömrük və vergilərdən, o cümlədən, istənilən məhsul və xidmətlərin xaricə ixracına görə ƏDV-dən azad olunurlar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti