Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) COP29 konfransının dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahələrində ümumi məqsədlərin əldə olunmasına səbəb olan uğurlu və səmərəli tədbir olması üçün Azərbaycanla sıx əməkdaşlıq etməyə hazırdır.
Bu barədə Trend-ə AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos deyib.
"Bakıdakı, eləcə də müxtəlif ölkələrdəki komandalarımız Azərbaycanı milli, regional və qlobal səviyyədə "yaşıl" maliyyənin səfərbər olunması üçün konfransın təqdim etdiyi imkanlardan istifadə etməkdə dəstəkləyəcək", - o deyib.
Drakinos qeyd edib ki, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf məqsədlərinin əldə olunması üzrə tədbirlərin təşviqində rolu getdikcə daha mühüm əhəmiyyət kəsb edir
"Ölkə Qafqazda günəş və külək enerjisi istehsalı potensialının yerləşdirilməsi üzrə lider mövqe tutub və AYİB buna imkan yaradılmasında mühüm rol oynayıb. Azərbaycanda ən böyük institusional investor və regionda iqlim maliyyələşdirilməsi üzrə lider olaraq Azərbaycanın dekarbonizasiya üzrə iddialı proqramının həyata keçirilməsində təbii tərəfdaşıq", - deyə regional direktor bildirib.
AYİB nümayəndəsi xatırladıb ki, ötən il Qaradağda ilk ümumi təyinatlı günəş elektrik stansiyasına investisiya qoyuluşundan sonra bank bu yaxınlarda Abşeron və Xızı rayonlarında ilk ümumi təyinatlı külək elektrik stansiyasının tikintisini maliyyələşdirib.
"Həmçinin flaqman "Yaşıl şəhərlər" proqramımız çərçivəsində Gəncə şəhərində enerji səmərəliliyini artırırıq. Siyasətə gəlincə, bərpa olunan enerji mənbələri üzrə hərraclarla bağlı əməkdaşlığımız Qaradağda günəş enerjisi layihəsinin planlaşdırıldığı kimi hazırlanması ilə nəticələndi. İndi bu sitmulu inkişaf etdirməyə kömək etmək istəyirik və COP29-un bunun üçün əla fürsət olduğuna inanırıq", - Alkis Vrienios Drakinos sonda deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)