Bakı. Trend:
İtaliyanın "Luiss Guido Carli" Universitetinin nümayəndə heyəti İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində əməkdaşlığı möhkəmləndirmək üçün ölkəmizə səfər ediblər. ADA Universitetində müzakirələr aparan heyət təhsil proqramların genişləndirilməsi, tələbələr üçün yeni imkanların araşdırılması və institusional əlaqələrin dərinləşdirilməsi məsələlərinə toxunacaqlar.
Trend xəbər verir ki, görüşlər hər iki universitetin akademik və idarəetmə komandasının üzvlərinin, İtaliya-Azərbaycan Universiteti təşəbbüsünü həyata keçirən ekspertlərin iştirakı ilə baş tutacaq.
Görüşlərdə ADA Universitetinin Hüquq fakültəsi ilə birgə həyata keçiriləcək “3+2” hüquq proqramının təqdim edilməsi ilə bağlı ilkin müzakirələr aparılacaq. Proqram çərçivəsində tələbələr üç il Bakıda, iki il isə Romada təhsil alacaq və beynəlxalq perspektivə əsaslanan hüquq təhsili əldə edəcəklər. Beşillik təhsil müddətinin sonunda məzunlar hər iki universitetin təhsilinə yiyələnəcəklər.
Bundan əlavə, beynəlxalq münasibətlər üzrə ikili diplom proqramının da irəli sürülməsi müzakirə olunacaq. Bu proqram ADA Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr proqramının və Luiss-in Beynəlxalq Münasibətlər ixtisasının birləşməsindən yaranacaq. Yüksək akademik göstəricilərə malik tələbələr üçün nəzərdə tutulan bu seçim əsaslı proqram onların diplomatiya və beynəlxalq tədqiqatlar sahəsində biliklərini dərinləşdirəcək və qlobal karyera imkanlarını artıracaq.
Akademik müzakirələrdən əlavə, Luiss nümayəndə heyəti Azərbaycanın hökumət rəsmiləri ilə də görüşlər keçirəcək. Görüşlərin əsas mövzularından biri “Made in Azerbaijan” brendinq təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi olacaq. Bu müzakirələr təhsil vasitəsilə iqtisadi və biznes əlaqələrinin möhkəmləndirilməsinə yönəlib.
Bu səfər ADA və Luiss universitetləri arasında artıq qurulmuş uğurlu əməkdaşlığın davamıdır. Belə ki, hər iki universitetin birgə təqdim etdiyi magistr proqramına artıq iki tələbə qrupu qəbul edilib. Gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirmək üçün tərəflər müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislərin peşəkar bacarıqlarını artıracaq ixtisasartırma proqramları təklif etməyi planlaşdırırlar.
Qeyd edək ki, bu tərəfdaşlıq iki ölkə arasında akademik və strateji əlaqələrin daha da güclənməsinə töhfə vermək məqsədi daşıyır.