Bakı. Trend:
Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun 2013-2023-cü illərdəki fəaliyyətində nöqsanlar aşkarlanıb.
Trend xəbər verir ki, bu, Hesablama Palatasının apardığı audit nəticəsində müəyyən edilib.
Bildirilib ki, Balaxanı Bərk məişət tullantılarının yandırılması zavodunun 2013-2023-cü illərdəki fəaliyyəti müddətində yaranan (“Təmiz Şəhər” ASC-nin vasitəsi ilə) 363271,7 min manat məbləğində xərclərinin 120755,3 min manat məbləğində daxilolmalarını 3,0 dəfə üstələməsi, o cümlədən illik əməliyyat və texniki xidmət haqqı məbləğlərinin yüksək olması səbəbindən bərk məişət tullantılarının yandırılması ilə enerjiyə çevrilməsi üzrə 11 il ərzində aktiv fazada icra edilməkdə olan layihənin iqtisadi cəhətdən səmərəli və nəticəli olmadığını göstərib.
Qeyd olunub ki, “Təmiz Şəhər” ASC üzrə 1 ton təhlükəsiz tullantının çeşidlənməsindən əldə olunan vəsaitin miqdarının orta hesabla 55,9 manata, yandırılmasından əldə olunan vəsaitin miqdarının orta hesabla 21,7 manata bərabər olmaqla tullantıların zərərsizləşdirilməsində çeşidləmə üsulunun istər ekoloji, istərsə də iqtisadi səmərəliliyinin və nəticəliliyinin daha yüksək olduğunu göstərsə də, Bakı şəhəri və digər regionlarda təhlükəsiz tullantıların idarə edilməsində çeşidləmə prosesi lazımi səviyyədə inkişaf etdirilməməklə çeşidlənmədən əldə edilə biləcək potensial gəlirlər reallaşdırılmamışdır ki, bu da “Təmiz Şəhər” ASC-nin, digər müvafiq regionlar üzrə isə yerli İH orqanlarının tabeli qurumlarının dövlət büdcəsinin vəsaitlərindən asılılıq səviyyəsinin yüksək olmasını şərtləndirən əsas amillər sırasındadır.