Bakı. Trend:
Türkiyə Orta Dəhlizin əsasını təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsinə böyük əhəmiyyət verir.
Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada gürcüstanlı həmkarı Maka Boçorişvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Biz uzun illərdir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri ilə enerji təhlükəsizliyinə öz töhfəmizi veririk. Biz əməkdaşlığımızı güclü və konkret layihələrə çevirməyə çalışırıq. Bu gün hörmətli həmkarımla geniş müzakirələrimiz oldu. Biz Gürcüstanın yeni hökuməti ilə münasibətlərimizin daha da dərinləşdirilməsi ilə bağlı mövqeyimizi təkrarlayırıq. Türkiyə 16 ildir Gürcüstanın bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ticarət dövriyyəmiz 3 milyard dolları ötüb. Bu rəqəmi 5 milyard dollara çatdırmaq üçün işləyirik. Xəzər dənizindən keçən Orta Dəhliz Şərqlə Qərbi birləşdirən vacib elementdir. Bu kontekstdə biz Orta Dəhlizin əsasını təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsinə böyük əhəmiyyət veririk. Hörmətli həmkarımla da bu məsələni müzakirə etdik", - o bildirib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ yoldur.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçən quru marşrutu təmin edir.