Bakı. Trend:
Cənub Qaz Dəhlizi (CQD) Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox vacib rol oynayır.
Trend xəbər verir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən “yaşıl” enerji üzrə Məşvərət Şurasının 3-cü nazirlər iclasında bildirib.
“Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının nazirlər səviyyəsində 11-ci iclası və Yaşıl Enerji üzrə Məşvərət Şurasının 3-cü nazirlər iclası enerji təchizatı sahəsində əlaqələndirilmiş fəaliyyətimiz və strategiyalarımızın əhəmiyyətli dərəcədə irəlilədiyini göstərir. 23 ölkənin, Avropa İttifaqının, 45 enerji şirkətinin və yeddi beynəlxalq maliyyə institutunun iştirakı Məşvərət Şurasının təkcə CQD-lə məhdudlaşmayan artan rolunu nümayiş etdirir – bu gün bu fakt dəfələrlə vurğulanıb”, – deyə o bildirib.
11 il əvvəl keçirilmiş ilk CQD Şurası iclasında cəmi 7 ölkə iştirak edirdisə, bu gün bu rəqəm 23-ə çatıb. Bu, yeni layihələr və beynəlxalq tərəfdaşlıqlar sayəsində energetika sahəsində genişlənmiş əməkdaşlıq üçün əsas olub.
“Biz bir daha CQD-nin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təsdiqlədik. Azərbaycan qazı, keçid dövründə sabitliyin təmin edilməsində, bərpaolunan enerji mənbələrini tamamlayaraq onların qeyri-sabitliyini kompensasiya etməklə, əvəzsiz rol oynayacaq.
Əhəmiyyətli nəticələrin əldə olunması, eyni zamanda Avropa İttifaqının, o cümlədən müvafiq maliyyə institutlarının və enerji şirkətlərinin davamlı dəstəyindən asılı olacaq”, - deyə nazir qeyd edib.