Bakı. Trend:
ATƏT Azərbaycanın iqlim gündəmində liderliyini yüksək qiymətləndirir.
Trend xəbər verir ki, bunu aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirib.
"Mən Azərbaycanın iqlim gündəmində, xüsusən də ötən il Bakının COP29-a ev sahibliyi edərkən nümayiş etdirdiyi fəal liderliyini yüksək qiymətləndirirəm", - o bildirib.
Onun sözlərinə görə, ATƏT və Azərbaycan iqtisadi regional əlaqələrin təşviqi və iqlim dəyişikliyi ilə mübarizə kimi mühüm sahələrdə əməkdaşlığı davam etdirir.
"Bu strateji çağırışların həlli region üçün böyük əhəmiyyət kəsb edir və mən keçən il Bakının COP29-a ev sahibliyi etdiyi zaman da daxil olmaqla, Azərbaycanın iqlim gündəmində fəal liderliyini yüksək qiymətləndirirəm. Bu gün səhər mən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baş çəkdim, burada nəqliyyat və əlaqə sahəsində genişləndirilmiş əməkdaşlıq imkanlarını, həmçinin bu sahədə, o cümlədən Xəzər regionunda yaşıl limanların və dayanıqlı əlaqənin təşviqi üzrə ATƏT-in layihəsi çərçivəsində davam etdirdiyimiz birgə işi müzakirə etdim".