Bakı. Trend:
2025-ci ilin yalnız ilk rübündə Azərbaycanın AQEM üzv ölkələrinə ixracı 1.2 milyard ABŞ dollarına çatıb, ümumi ticarət dövriyyəmiz isə 4.6 milyard dollar təşkil edib. Bu rəqəmlər iqtisadiyyatlarımız arasında artan qarşılıqlı əlaqənin göstəricisidir.
Trend xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO icraçı direktoru Yusif Abdullayev bu gün Bakıda keçirilən AQEM-in 10-cu Bines Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, builki tədbir Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır: "Belə ki, biz 2024–2026-cı illər dövrü üçün CICA Biznes Şurasının Sədrliyini öz üzərimizə götürmüşük. Bu mühüm dönəmdə regional əməkdaşlıq və iqtisadi transformasiya baxımından bu platformaya rəhbərlik etməkdən qürur duyuruq.
Azərbaycan CICA-nın missiyasına – etimadın qurulması, sülhün təşviqi və Asiya üzrə əməkdaşlığın dəstəklənməsi baxımından unikal çoxtərəfli forum kimi – xüsusi önəm verir. Bu çərçivədə iqtisadi dialoq və özəl sektorun inkişafı dayanıqlı tərəqqinin əsas sütunlarına çevrilmişdir.
Azərbaycan, AQEM üzv ölkələrinin bir çoxu ilə güclü iqtisadi və siyasi münasibətlərə malikdir. Bu gün burada təmsil olunan ölkələrin bir neçəsi ilə – Mərkəzi Asiyadan Körfəzə, Cənubi Asiyadan Uzaq Şərqə qədər – artıq strateji tərəfdaşlıqlar qurmuşuq".
"Ölkəmizin Avropa və Asiyanın qovşağında yerləşməsi sayəsində Azərbaycan bu regionları birləşdirən mühüm körpü rolunu oynaya bilər. Biz burada iqtisadi əməkdaşlığın asanlaşdırılması, ortaq rifahın təşviqi və qitə üzrə çoxtərəfli əməkdaşlıq infrastrukturunun gücləndirilməsi üçün aydın imkanlar görürük - Y. Abdullayev bildirib.
O qeyd edib ki, bu dinamikanı davam etdirmək və daha da genişləndirmək üçün AZPROMO yerli ixracatçıları regional və qlobal bazarlara çıxışda fəal şəkildə dəstəkləyir: "Bizim yanaşmamız sərhədlərarası ticarəti asanlaşdıran praktik alətlərin və platformaların yaradılmasına, biznes əlaqələrinin möhkəmləndirilməsinə və CICA üzv ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib.
İxrac və alıcı missiyaları, beynəlxalq sərgilərdə iştirak, bazar araşdırmaları və sertifikatlaşdırma dəstəyi kimi hədəfli təşəbbüslər vasitəsilə biz ixracatçılarımıza sərhədləri aşaraq böyüməyə yardım edirik".
"Yalnız ötən il ərzində AZPROMO-nun dəstəyi ilə 70-ə yaxın Azərbaycan şirkəti “Made in Azerbaijan” brendi ilə Almaniya, BƏƏ, Rusiya, Yaponiya və Çin də daxil olmaqla bir sıra beynəlxalq ticarət sərgilərində iştirak etmiş, nəticədə təxminən 18 milyon ABŞ dolları dəyərində müqavilələr imzalanıb. Bu il biz artıq ixracatçılarımızın Səudiyyə Ərəbistanı Qida Sərgisi və Rusiya Halal Sərgisində iştirakını dəstəkləmişik və bu dəstəyi WorldFood Moscow, Anuga, 8-ci Çin İdxal Sərgisi və “Yenidənqurma Qarabağ” sərgisi kimi tədbirlərdə də davam etdirməyi planlaşdırırıq", - Y. Abdullayev vurğulayıb.
Onun sözlərinə görə, bu səylər sahibkarlarımızı regional bazarda rəqabət aparmaq, əməkdaşlıq etmək və inkişaf etmək üçün lazım olan alətlərlə təmin etmək məqsədi daşıyır: "Bu fəaliyyətlər CICA-nın KOB-ların dayanıqlılığı, inklüziv artım və sərhədlərarası biznes tərəfdaşlıqların təşviqi gündəmi ilə tam şəkildə uyğun gəlir.
Eyni zamanda, agentliyimiz “bir pəncərə” prinsipi əsasında xarici investorlar üçün giriş qapısı rolunu oynayır. Biz investisiya prosesinin bütün mərhələlərində – ilkin uyğunlaşdırmadan layihənin icrasınadək – kompleks dəstək göstəririk.
Rusiya, Özbəkistan, Çin və bir sıra Körfəz ölkələri ilə uğurla həyata keçirilmiş birgə layihələr açıq investisiya siyasətimizin effektivliyini aydın şəkildə nümayiş etdirir".
"Qeyd etmək istərdim ki, AZPROMO yalnız investisiya və ticarət təşəbbüslərini dəstəkləmir, eyni zamanda beynəlxalq tərəfdaşları bir araya gətirən platformalar da yaradır. Yaxın zamanlarda Çin Xalq Respublikasının Milli İnkişaf və İslahatlar Komissiyası (NDRC) ilə birgə AZPROMO Pekində Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransını təşkil etmişdir. Tədbirdə 250-dən artıq iştirakçı yer alıb və təxminən 335 milyon ABŞ dolları dəyərində 13 saziş imzalanıb.
AZPROMO-nun COP29 və SPECA kimi nüfuzlu beynəlxalq tədbirlər çərçivəsində biznes görüşləri təşkil etmək sahəsində də təcrübəyə malik olduğunu qeyd etmək istərdim. Gələcəyə baxaraq, bu ilin iyun ayında Bakıda ilk İnvestisiya Forumunu keçirməyi planlaşdırırıq. Bu mühüm tədbirdə iştirak etməyə bütün sahibkar və investorları dəvət edirəm", - deyə Y. Abdullayev qeyd edib.