Bakı. Trend:
Qazaxıstanın Fond Birjası (KASE) 2025-ci ilin əvvəlində dayanıqlı artım nümayiş etdirməkdədir.
Trend xəbər verir ki, bunu KASE-nin emitentlər və investorlarla iş üzrə departamentinin direktoru Əzizə Ordabayeva Bakıda kçeirilən “KASE Day” tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, birja 1993-cü ildən fəaliyyət göstərir və 30 ildən artıq müddətdə əhəmiyyətli nailiyyətlər əldə edib. Hazırda KASE geniş xidmət spektri təqdim edir – listinq və üzvlükdən tutmuş müxtəlif maliyyə alətləri ilə ticarətin təşkili, ticarət sonrası hesablaşmalar və klirinq xidmətlərinə qədər. Birja eyni zamanda, mərkəzi əks tərəf funksiyasını da yerinə yetirir və iştirakçılara bazar məlumatlarına və texnoloji həllərə çıxış imkanı yaradır.
Təqdimat zamanı mövcud bazar trendlərinə dair ümumi baxış təqdim olunub. 2025-ci ilin ilk dörd ayının nəticələrinə görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə fond bazarında əməliyyatların sayı 53% artıb, bu sektorda ticarət həcmi isə demək olar ki, üç dəfə çoxalıb. Korporativ istiqrazların ikinci bazarında ticarət həcmi 41%, dövlət qiymətli kağızlarının ikinci bazarında isə 32% artım nümayiş etdirib.