Bakı. Trend:
2024-cü ildə səhiyyə xərclərinə dövlət büdcəsindən ayrılmış 1,9 milyard manat məbləğində vəsaitin aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 1,8 milyard manatı və ya 98 faizi istifadə olunub ki, bu da proqnoza nisbətən 37,6 milyon manat və ya 2 faiz az, 2023-cü illə müqayisədə isə 106,7 milyon manat və ya 6,2 faiz çoxdur.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, hesabat ilində səhiyyə xərcləri ümumi daxili məhsulun (ÜDM) 1,4 faizini, dövlət büdcəsi xərclərinin isə 4,8 faizini (2023-cü illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edib.
İstifadə edilmiş səhiyyə xərclərinin 74,8 faizi və ya 1,4 milyard manatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin payına düşür ki, bu da 2023-cü illə müqayisədə 104,2 milyon manat və ya 8,2 faiz çoxdur. Həmin vəsaitin 1,2 milyard manatı əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına, 139,6 milyon manatı səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin icrası ilə bağlı xərclərə yönəldilib.
2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış əlavə olaraq 101,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, səhiyyə sahəsinə dövlət büdcəsi xərclərinin 5,1 faizi (2023-cü illə müqayisədə 0,2 faiz-bənd çox) həcmində və ya 1930,0 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2023-cü illə müqayisədə 157,9 milyon manat və ya 8,9 faiz çoxdur.
Son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə səhiyyə xərcləri 141,2 milyon manat və ya 8,4 faiz artıb.