Bakı. Trend:
Bugünədək Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə 182 milyard kubmetrdən çox qaz nəql edilib.
Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, bu gün Cənub Qaz Dəhlizinin rəsmi açılışından 7 il ötür:
"CQD Avropa və region ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan qlobal əhəmiyyətli nəhəng enerji layihəsidir. Bu Dəhliz “Şahdəniz Mərhələ 2” çərçivəsində hasil olunan təbii qazı Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Boru Kəmərləri vasitəsilə region və Avropa ölkələrinə ixrac edir".
Qeyd edək ki, Azərbaycan qazının Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Xəzər dənizi bölgəsindən çıxarılan qaz Gürcüstan və Türkiyə üzərindən Avropa ölkələrinə çatdırılır.
Bu genişmiqyaslı layihə enerji daşıyıcılarının nəqli marşrutları və mənbələrinin şaxələndirilməsinə yönəlib və bununla da Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.
2022-ci il iyulun 18-də Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə "Anlaşma Memorandumu" imzalanıb.
Tərəflər, o cümlədən Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına qaz ixracı hesabına, 2027-ci ilə qədər illik ən azı 20 milyard kubmetr həcmində təbii qaz ticarətini qarşılıqlı ticari maraqlar və bazar tələbi əsasında davam etdirmək barədə razılığa gəliblər.