Bakı. Trend:
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “KƏHF” MMC tərəfindən 2022-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla Özbəkistana və Qırğız Respublikasına 1200 tondan çox balıq yemi məhsulu ixrac edilib.
Bu barədə Trend İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Bu, həm də Azərbaycanın Özbəkistana və Qırğız Respublikasına balıq yem istehsalı sahəsində ilk məhsul ixracıdır. Həmçinin, şirkət tərəfindən hazırda İraqa və Qazaxıstana balıq yemi məhsulunun ixracı istiqamətində də danışıqlar aparılır.
İnvestisiya həcmi 12 milyon manatdan çox olan müəssisə Azərbaycanda balıq yemi istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Avstriya və Türkiyənin qabaqcıl texnologiyaları ilə təchiz edilmiş müəssisənin illik gücü 35 min ton balıq yemi, 10 min ton isə heyvan yemi istehsalı təşkil edir. Zavodda 20 nəfərdən çox daimi iş yeri yaradılıb.
Qeyd olunub ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 5,9 milyon manatlıq güzəştli kredit ayrılıb.