...

AİB Azərbaycanda KOB-ların maliyyələşmə tendensiyaları barədə məlumat yayıb

İqtisadiyyat Materials 12 Noyabr 2025 11:22 (UTC +04:00)
AİB Azərbaycanda KOB-ların maliyyələşmə tendensiyaları barədə məlumat yayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda mikro, kiçik və orta biznes 2024-cü ildə bank maliyyələşməsinə çıxış əldə etməyə davam edib.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asiyanın kiçik və orta biznesinin monitorinqi 2025” (ASM 2025) hesabatında qeyd olunur.

2024-cü ildə KOB-lara verilmiş bank kreditlərinin həcmi 6,5 milyard manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 2 faiz çoxdur. Lakin artım tempi 2023-cü ildəki 12,1 faizlə müqayisədə zəifləyib. Artımın zəifləməsi, o cümlədən KOB kreditləri üzrə faiz dərəcələrinin 2023-cü ildəki 12,1 faizdən 2024-cü ildə 14,8 faizə yüksəlməsi ilə izah olunur. KOB kreditlərinin ümumi bank kreditləşməsindəki payı 2023-cü ildəki 27,5 faizdən 2024-cü ildə 23,6 faizə enib, onların ÜDM-dəki payı isə 5,1 faiz təşkil edib.

Regionlar üzrə KOB kreditlərinin 62,5 faizi Bakıda qeydiyyatdan keçmiş şirkətlərə verilib. Bununla belə, son beş il ərzində paytaxtın ümumi kredit portfelindəki payı 2019-cu ildəki 78,5 faizdən azalıb. Bakıdan kənarda yerləşən yerli MKOS-lara verilən kreditlərin payı isə 2019-cu ildəki 21,5 faizlə müqayisədə 2024-cü ildə 37,5 faizə yüksəlib. Bununla yanaşı, KOB arasında problemli kreditlərin (NPL) payı 2023-cü ildəki 3,7 faizdən 2024-cü ildə 4,7 faizə qədər artıb və bu göstərici ümumi bank kreditləri üzrə olan 2,4 faizlik səviyyəni keçib.

Biznes kreditləşməsində dollarsızlaşdırmanın təşviqi Azərbaycan Mərkəzi Bankının prioritet istiqamətlərindən biri olaraq qalır. ABŞ dolları ilə verilən KOB kreditlərinin payı 2024-cü ildə 2,7 faiz bəndi azalaraq 16,0 faizə düşüb.

Hesabatda, həmçinin İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti qeyd olunur. Fond 2024-cü ildə 183,6 milyon manat məbləğində zəmanətli kreditlər təqdim edib ki, bu da 2023-cü illə müqayisədə 33,6 faiz çoxdur. Fondun qaydalarına əsasən, zəmanətli kreditin minimal məbləği 30 000 manatdır, bir borcalan üçün ümumi kredit məbləği isə 5 milyon manatı keçə bilməz. KOB və digər borcalanlar üçün fərdi kreditlər 10 milyon manatla məhdudlaşdırılır, zəmanət məbləğləri isə bir borcalan üçün minimum 15 000 manatdan maksimum 3 milyon manata qədər dəyişir, qarşılıqlı əlaqəli borcalan qrupları üçün isə bu məbləğ 6 milyon manata qədərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti