Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan Dəmir Yollarının öz aktivlərindən bərpa olunan enerji istehsalı üçün necə istifadə edə biləcəyini və öz ehtiyaclarının ödənilməsi üçün onların tətbiqi yollarını araşdıracaq.
Trend xəbər verir ki, bu barədə bu gün AİB-in Energetika İdarəsində İnkişaf etməkdə olan Regionlar üzrə direktor Sindi Sisneros-Tianqko dekabrın 5-də Bakıda AİB ilə Azərbaycan Dəmir Yolları (ADY) arasında əməkdaşlıq çərçivəsində karbonsuzlaşdırma ilə bağlı layihənin təqdimatı çərçivəsində jurnalistlərə bildirib.
“Şəxsən mənim fikrimcə, bu layihə həqiqətən transformativ xarakter daşıyır. AİB və ADY tərəfdaşlığı göstərir ki, çoxtərəfli inkişaf bankları, özəl sektor və hökumətlər mürəkkəb çağırışlara uyğun aktual və inteqrasiya olunmuş həlləri birlikdə işləyib hazırlaya bilərlər. AİB-in missiyası elə bundan ibarətdir”, – deyə o bildirib.
Onun sözlərinə görə, texniki yardım bir neçə istiqamətə yönəldilib və bunların hamısı ADY-in gələcəkdə necə bir dəmiryolu şirkəti olmalı olduğu vizionu ilə uyğunlaşdırılıb.
“Biz innovativ həlləri yalnız dəmiryolunun fəaliyyətində nəzərdən keçirməyəcəyik, biz eyni zamanda onun aktivlərini bərpa olunan enerji istehsalı üçün, eləcədə öz ehtiyaclarının ödənilməsi üçün necə istifadə edə biləcəyini mütləq nəzərdən keçirəcəyik” - deyə Sisneros-Tianqko qeyd edib.
Bundan əlavə, AİB enerji səmərəliliyinin artırılması və potensialın gücləndirilməsi tədbirlərinə fokuslanacaq, çünki texniki yardımın məqsədi şirkətə və ya ölkəyə layihələri müstəqil şəkildə həyata keçirmək və inkişaf etdirmək imkanı yaratmaqdır.
