Bakı. Trend:
Qlobal qiymətli metallar bazarında yüksəliş dinamikası davam etdikcə, Azərbaycan bazarında da qızıl və gümüş məmulatlarının qiymətlərində artım istiqaməti əsas xətt kimi qalır.
Bunu Trend-ə açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib.
Onun sözlərinə görə, qlobal qiymətli metallar bazarında yüksəliş dinamikası davam edir: “Qızıl rekord səviyyələrdədir və bir unsiyası 4 600 ABŞ dollarını ötüb. Gümüş də yüksəlişini saxlayır — 1 unsiyası 90 ABŞ dolları həddində ticarət olunur. Gümüşün sənayedə geniş istifadəsi (elektronika, enerji, istehsal zənciri) və son dövrlərdə ona investisiya aləti kimi marağın artması qiymətlərin daha oynaq olmasına səbəb olan əsas amillər sırasındadır.
Bu proses Azərbaycan bazarında da özünü göstərir. Daxili qiymətlər birbaşa dünya bazarındakı dəyişikliklərə həssasdır. Artım xüsusilə idxal məhsullarında daha tez hiss olunur: yeni partiyalar yüksəlmiş qiymətlərlə gəldiyi üçün vitrinlərdə qiymətlər operativ yenilənir. Bununla yanaşı, bazarda bütün məhsullar eyni sürətlə bahalaşmır — xüsusən əvvəlcədən alınmış və satışa çıxarılmış ağır çəkili zinət əşyalarında qiymət yenilənməsi daha çox mərhələli baş verir”.
Qlobal qiymətli metallar bazarında yüksəliş Azərbaycanın zərgərlik məmulatları bazarına necə yansıyır?
R. Əmircanov belə olan halda Azərbaycanda sözügedən məmulatların qiymət dəyişimindən də danışıb. O bildirib ki, Azərbaycanda qızıl və gümüş məmulatlarının qiyməti dünya bazarındakı göstəricilərə əsasən formalaşır: “Buna görə də qlobal qiymətlər yüksələndə, daxildə qram üzrə əsas metal dəyəri artır və bu artım pərakəndə satış qiymətlərinə də ötürülür.
Zərgərlik məmulatında pərakəndə qiymət təkcə metalın dəyəri ilə müəyyənləşmir: işlənmə və dizayn, qiymətli daşlarla bağlı məqamlar və xidmət xərci də nəzərə alındığı üçün, mağazada görünən artım bəzən birjadakı artımdan daha yüksək ola bilər”.
Qarşıdakı dövrdə
qiymətlərlə bağlı proqnoz
İdarə Heyəti sədrinin müavini yaxın dövr üçün əsas gözləntilərdən bəhs edərək qeyd edib ki, qlobal bazarda yüksək qiymət səviyyəsi qorunduğu müddətdə Azərbaycanda da bahalaşma meyli davam edəcək: “Bununla yanaşı, bazarın təbiətinə uyğun olaraq qısamüddətli dalğalanmalar mümkündür: kəskin yüksəlişdən sonra qiymətlər müəyyən müddət sabitləşə və ya qısa geri çəkilmələr göstərə bilər.
Gümüşlə bağlı proqnozlarda isə iki xətt daha çox ön plana çıxır: bir tərəfdən sənayedə geniş istifadə qiymətə əlavə dayaq verir, digər tərəfdən investisiya marağı artdıqca volatillik yüksəlir. Bu da o deməkdir ki, gümüş bazarında hərəkət daha çevik ola, qiymətlər həm sürətli yüksələ, həm də bazar xəbərlərinə həssas şəkildə düzəliş verə bilər”.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 2815 kiloqram qızıl hasil olunub. Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 248 kiloqram və ya 9,7 faiz artıb. Ötən ilin on bir ayı ərzində Azərbaycanda 2567 kiloqram qızıl çıxarılmışdı.
Ötən ilin dekabr ayının 1-ə olan vəziyyətə görə ölkədə hazır qızıl ehtiyatlarının həcmi 155 kiloqram təşkil edib.
Bundan başqa, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 3506 kiloqram gümüş hasil olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 441 kiloqram və ya 14,4 faiz çoxdur.
Ötən ilin dekabrın 1-nə olan vəziyyətə görə ölkədə hazır gümüş ehtiyatlarının həcmi 885,3 kiloqram təşkil edib.
