...

Azərbaycan hökuməti ipoteka kreditləşməsini bərpa etmək üçün tədbirlər hazırlayır – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2008 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 may / " müxbir U.İsmayılova/ Azərbaycan hökuməti uzun müddətli impoteka kreditlərinin verilməsində yerli kommersiya banklarına hər cür dəstək göstərmək niyyətindədir. Bu barədə cümə günü Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

"Hökumət Azərbaycan İpoteka Fondunun xətti ilə kredit verilməsinin bərpa edilməsi və bu prosesin davam etdirilməsi üçün banklara dəstək üzrə lazım olan bütün tədbirləri həyata keçirir", - deyə nazir bildirib.

Milli Bankın nəzdində Azərbaycan İpoteka Fondu vəsait çatışmazlığı səbəbindən 2007-ci ilin yayında fəaliyyətini dayandırıb. 2006-cı ilin dövlət büdcəsindən Fond üçün 25 mln. manat, 2007-ci ilin büdcəsindən 20 mln. manat vəsait ayrılıb. Azərbaycanın təsdiq olunmuş dövlət büdcəsinə əsasən, 2008-ci ildə ipoteka kreditləşməsinin maliyyələşdirilməsi üçün 35 mln. manat ayrılıb.

Azərbaycanın bir çox kommersiya bankları hazırda ipoteka kreditlərini şəxsi proqramlar üzrə ayırır.

Nazirin sözlərinə görə, Fondun fəaliyyət göstərən zaman qarşılaşdığı yeganə problem vəsait çatışmazlığı olub.

"Fond müstəqil olaraq maliyyələşməlidir", - deyə nazir bildirib.

Milli Bank Fond tərəfindən ipoteka kreditlərinin verilməsinin bərpa edilməsi və inkişafı üçün hazırda Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın KfW bankı və digər iri kommersiya bankları ilə vəsaitin cəlb edilməsi üzrə danışıqlar aparır.

"İpoteka Fondunun kreditləri 10-20 il müddətinə veriləcək ki, bu da böyük vəsait və xüsusi mexanizm tələb edir", - deyə maliyyə naziri Şərifov vurğulayıb.

Nazirin sözlərinə görə, yerli banklar bu qədər uzun müddətə kredit ayırmaq imkanına malik deyil və Azərbaycan hökuməti kommersiya banklarının bu istiqamətdə fəaliyyətinin təşviq edilməsi üçün bütün lazımi tədbirləri həyata keçirir.

"Azərbaycan İpoteka Fondu ipoteka kreditlərinin verilməsi prosesini ilin ikinci yarısında bərpa edəcək", - deyə nazir bildirib.

Azərbaycan İpoteka Fondunun fəaliyyəti dövründə yerli banklar fond xətti ilə 260 mln. manat məbləğində kredit maliyyələşdirib. Ümumilikdə 8 min ipoteka krediti verilib. Bunlardan 1800-ü dövlət xətti, 6200-ü isə bankların vəsaitləri hesabına maliyyələşdirilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti