...

Azərbaycanın iqtisadiyyatın daha da liberallaşdırılmasına dair ciddi planları var – prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2008 15:22 (UTC +04:00)
Azərbaycanın iqtisadiyyatın daha da liberallaşdırılmasına dair ciddi planları var – prezident İlham Əliyev

Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Azərbaycan iqtisadi baxımdan davamlı inkişaf edir və son dörd ildə ölkə iqtisadiyyatın artım templərinə görə dünyada liderdir", - Azərbaycan prezidenti İlham Əliyev cümə günü "Azərbaycan XXI əsrdə - uğur strategiyası" mövzusunda keçirilən beynəlxalq Dəyirmi masa iştirakçıları ilə görüşdə bildirib.

"İqtisadi islahatlar həyata keçirilir və bəzən bizim iqtisadi uğurlarımızı yalnız neft amili ilə əlaqələndirməyə çalışırlar, lakin bu, belə deyil", - prezident deyib.

Onun sözlərinə görə, neft təkcə Azərbaycanda deyil, çox ölkədə çıxarılır. Neftin qiymətinin artması təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də ÜDM-in artmasına müsbət təsir göstərir. "Biz öz regionumuzda da ən iri neft hasilatçısı deyilik", - prezident qeyd edib.

"Vəziyyəti bəsitləşdirmək və bizim iqtisadiyyatın inkişafını yalnız neftin qiymətinin artması ilə əlaqələndirmək, əlbəttə, düzgün deyildir, - dövlət başçısı bildirib. - Bizim iqtisadiyyatın daha da liberallaşdırılmasına dair çox ciddi planlarımız var".

Bu il Dünya Bankı Azərbaycanı "Doing business" proqramında islahatlar üzrə lider hesab edib. "Biz həm də neft gəlirlərinin toplanması və xərclənməsində maksimum şəffaflığı təmin etmişik. Ötən il BMT Azərbaycanın Neft Fondunu məhz şəffaflıq göstəricisinə görə mükafata layiq görüb", - prezident qeyd edib.

Dövlət rəhbərinin sözlərinə görə, ölkədə işsizlik problemi əsasən həll edilib.

"Bu gün ölkə təəssüf ki, Rusiyada çoxdan məlum olan problemlərlə qarşılaşır - miqrasiya, işçi qüvvəsinin qanunsuz miqrasiyası. Lakin bu da inkişafı göstərən amildir", - İlham Əliyev bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanda yoxsulluqla mübarizə uğurla gedir, son dörd ildə yoxsulların sayı üç dəfə azalıb.

"Yaxın beş ildə işsizlik kimi, bu sosial bəlanın da kökünü kəsmək ümidindəyik, lakin işsizliyə, əlbəttə ki, daha tez son qoyacağıq", - prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, bununla yanaşı təbii ki, istər bütün postsovet məkanındakı ölkələr, istərsə də ümumən ölkələr üçün səciyyəvi olan problemlər mövcuddur - bunlar həm bürokratizm, həm korrupsiya, həm də proktesionizmdir.

"Lakin biz bunlara qarşı təkcə inzibati üsullarla deyil, həm də iqtisadi üsullarla mübarizə aparırıq. Hazırda Azərbaycan iqtisadiyyatının 85 faizinin özəl sektorda formalaşması vəziyyəti xeyli sağlamlaşdırıb. Normativ aktlar və dövlət strukturlarının biznes işlərinə müdaxilə etməməsinə ciddi nəzarət öz bəhrəsini verir", - Azərbaycan prezidenti bəyan edib.

Xəbər lenti

Xəbər lenti