Azərbaycan, Bakı, 07 yanvar/ Trend /"Azərdəmiryolbank" ASC Hollandiyanın "ING" bankından 3 mln. dollar məbləğində kredit alıb, - Azərbaycan bankının çərşənbə günü yayılmış məlumatında deyilir. Vəsaitlər 1 il müddətinə, Azərbaycanda mikromaliyyələşmənin dəstəklənməsi üçün ayrılıb.
Azərdəmiryolbankın İdarə Heyəti sədrinin müavini Yusif Cabbarovun sözlərinə görə, "bu, Hollandiya bankının Azərbaycanın kredit təşkilatları ilə mikromaliyyələşmə sahəsindəki ilk əməkdaşlıq təcrübəsidir."
"Əlamətdar haldır ki, saziş ötən il dekabrının 23 - də bağlanıb. Keçən qısa müddət ərzində Azərdəmiryolbank kreditin alınması üçün qoyulmuş bütün şərtləri yerinə yetirib", - Cabbarov deyib. .
Eyni zamanda, davam edən qlobal maliyyə böhranı şəraitində xarici kommersiya bankı tərəfindən Azərdəmiryolbanka kredit resurslarının ayrılması ona göstərilən yüksək etimaddan xəbər verir, - press-relizdə deyilir.
Azərdəmiryolbankın xarici maliyyə institutlarından mikromaliyyəşdirmə məqsədləri ücün cəlb etdiyi vəsaitlərin ümümi həcmi 33,2 mln. dollara çatıb.
Azərbaycanın ilk kommersiya banklarından olan "Azərdəmiryolbank" ASC 1989 - cu ildə təsis edilib. Bankın səhmdarları sırasında dünyanın nüfuzlu maliyyə institutlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB), Hollandiya İnkişaf Bankı (FMO) var. Bakı və regionlar üzrə Bankın 30 filial və şöbəsi fəaliyyət göstərir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]