...

Bakı metropoliteni yeni stansiyaların inşası çərçivəsində kommunikasiya xətlərinin köçürülməsinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2009 16:42 (UTC +04:00)
Yaxın zamanlarda Bakı metropoliteninin yeni stansiyalarının inşası çərçivəsində kommunikasiya xətlərinin köçürülməsi işinə başlanılacaq.

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir E.İsmayılov / 

Yaxın zamanlarda Bakı metropoliteninin yeni stansiyalarının inşası çərçivəsində kommunikasiya xətlərinin köçürülməsi işinə başlanılacaq. Bu barədə cümə günü metropolitendəki işə yaxın mənbə deyib.

"Bu yaxınlarda kommunikasiyanın köçürülmə planı hazırlanacaq və onun həyata keçirilməsinə başlanılacaq", - mənbə deyib.

Onun sözlərinə görə, hazırda "Cavad xan" ("Memar Əcəmi" stansiyasına keçid), "Avtovağzal" və "Mikayıl Müşfiq" stansiyalarının inşası üçün yer hazırlanır.

Metropoliten rəhbəri Tağı Əhmədovun bir müddət əvvəl dediyi kimi, Maliyyə Nazirliyi artıq yeni metrostansiyaların tikintisi üçün vəsait ayırıb. Yeni "Avtovağzal" stansiyasının inşası üçün bünövrənin hazırlanmasına artıq başlanılıb. "Metropoliten "Avtovağzal" stansiyasını 2011-ci ilə qədər istifadəyə verməyi planlaşdırır", - Əhmədov deyib.

"Cavad xan" - "Avtovağzal" stansiyasi (yeni Avtovağzalın yaxınlığında) birinci prioritet xəttdir. Artıq müvafiq icra orqanlarının bu stansiyalar üçün ərazi ayrılması barədə qərarı var.

"Mikayıl Müşfiq" stansiyasının ilkin layihəsi hələ 90-cı illərdə hazırlanıb. Onun "İnqilab" adlandırılması nəzərdə tutulurdu. Stansiyanın yerinin 400-500 metr uzadılması planlaşdırlır", - bir müddət əvvəl mənbədən bildirilmişdi. Yeni stansiya yeddinci mikrorayonda tikiləcək.

İkinci prioritet xətt "İçəri Şəhər" stansiyasından Badamdar qəsəbəsi istiqamətinə ikinci yolun işlənməsidir. Bu istiqamətdə üç metrostansiya tikmək nəzərdə tutulub. "İşlərə yalnız 2011-2012-ci illərdən sonra başlamaq planlaşdırılır", - mənbədən bildirilib.

Bakı metropoliteni 1967-ci ildən fəaliyyət göstərir ("İçəri Şəhər" stansiyasından "Nəriman Nərimanov" stansiyasına kimi üç aralıq stansiyası ilə). Metropolitenin yeddi stansiyası ("İçəri Şəhər", "Sahil", "28 May", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası") dərində yerləşir, "Bakmil" yerüstü, qalanları isə sütunludur, dayazda yerləşir (cəmi 21 stansiya).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti