Azərbaycan, Bakı, 18 avqust / Trend /
"Bank of Azerbaijan"-ın yaratdığı imkan sayəsində Azərbaycanın gənc marketoloqları dünyada marketinq elminin banisi sayılan, məhşur biznes quru Filip Kotlerin master-klasında iştirak edə biləcəklər", - bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.
Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində Azərbaycanda müxtəlif peşəkar icmaları dəstəkləməyi qarşısına məqsəd qoyan "Bank of Azerbaijan" "Peşənizə sevginizi dəstəkləyirik" şüarı altında Azərbaycanda ilk dəfə olaraq gənc marketoloqlar üçün inanılmaz imkan yaradır. Bankın dəstəyi ilə ölkəmizin gənc və perspektivli dörd marketoloqu Filip Kotlerin sentyabrın 16-da Ukraynanın paytaxtı Kiyev şəhərində "Dəyişikliklər dövründə idarəçilik və marketinq" movzusunda keçirəcəyi master-klasda iştirak edəcək.
Dünya biznesinin 4 ən nüfuzlu düşünən beyinlərindən biri, marketinq əfsanəsi olan Filip Kotlerlə görüşmək imkanı qazanacaq gənc marketoloqları seçmək üçün "Bank of Azerbaijan" maraqlı müsabiqə elan edir. Azərbaycanda ilk dəfə olaraq bank öz korporativ şüarını fikirləşmək üçün açıq müsabiqə elan edir. Ən yaxşı şüar ideyasını fikirləşənlər Ukraynadakı master-klasa qatıla biləcəklər.
Müsabiqənin effektli təşkil olunması məqsədilə Azərbaycanlı Marketerlər İcmasının toplandığı Mak.az internet resursunda müsabiqə ilə bağlı mövzu açılıb. Maraqlanan hər kəs bu linkə daxil olaraq şərtlər barədə daha ətraflı məlumat əldə edə bilərlər: www.mak.az.