...

Azərbaycan Beynəlxalq Bankının rəhbəri beynəlxalq mükafata layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2009 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend /

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev beynəlxalq mükafata - kraliça Viktoriyanın Xatirə Medalına layiq görülüb. Bu mükafat biznes sahəsində uğurlu fəaliyyətə və biznes dəyərlərinin qorunub saxlanmasında xidmətləri olan işgüzar şəxslərə verilir. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, Hacıyev bu mükafata iqtisadi və sosial istiqamətlərdə uğurlu proqramların icrası, ölkənin beynəlxalq arenada layiqli təmsil olunması və xeyriyyəçilik fəaliyyətləri ilə bağlı təşəbbüslərinə görə təltif edilib.

Mükafatlandırma oktyabrın 26-da Oksford şəhərində (Böyük Britaniya) Avropa Biznes Assambleyasının təşkilatçılığı ilə keçirilən Oksford Liderlər Sammitində baş tutub. Tədbirdə Şərqi və Mərkəzi Avropa, Baltik ölkələri, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunu təmsil edən 100-dən artıq aparıcı şirkətin rəhbərləri iştirak edib.

Sammitdə iştirak edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun sözlərinə görə, bu mükafat davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində görülən tədbirlərin təsdiqidir.

Xəbər lenti

Xəbər lenti