Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.İsmayılov/
Eyyafyatlayokudl vulkanının püskürməsi nəticəsində Avropanın hava limanlarında işin müvəqqəti dayandırılması ilə əlaqədar Azərbaycan və Avropa arasında hava əlaqəsində yaranmış problemlər aradan qaldırılıb və hava əlaqəsi tam bərpa olunub. Bu barədə cümə axşamı "Azərbaycan Hava Yolları" (AZAL) QSC məlumat verib.
AZAL-dan bildirilib ki, Azərbaycandan Avropa istiqamətinə və geriyə bütün aviareyslər cədvələ uyğun olaraq həyata keçirilir və onların həyata keçirilməsində heç bir problem yoxdur.
Bundan əvvəl bir neçə gün ərzində Azərbaycan və Avropa arasında aviareyslərin həyata keçirilməsində fasilələr müşahidə olunub. Reyslərin bir hissəsi təxirə salınıb, bir hissəsi isə gecikmələrlə həyata keçirilib.