...

Azərbaycanda Pakistan kapitallı yeni lizinq şirkəti fəaliyyətə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2010 15:38 (UTC +04:00)
Keçmiş Sovet İttifaqı məkanında ilk dəfə olaraq Pakistanın MCB bankı birgə lizinq şirkəti təsis edərək Azərbaycan bazarına daxil olub.
Azərbaycanda Pakistan kapitallı yeni lizinq şirkəti fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.Xəlilova/

Keçmiş Sovet İttifaqı məkanında ilk dəfə olaraq Pakistanın MCB bankı birgə lizinq şirkəti təsis edərək Azərbaycan bazarına daxil olub. Çərşənbə axşamı "MCB Lizing" lizinq şirkətinin açılış mərasimində şirkətin idarə heyətinin sədri Ramal Cəfərovun dediyinə görə, altı milyard dollar aktivə malik Pakistanın aparıcı bankının Azərbaycanın maliyyə bazarına daxil olması iki ölkə arasındakı əməkdaşlığın nəticəsidir.

"MCB Lizing"in əsas missiyası həm istehsal, həm də kommersiya sahəsində lizinq xidmətlərinin təqdim edilməsi vasitəsilə ölkənin neft sektorunun inkişafına köməyin göstərilməsindən ibarətdir", - Cəfərov qeyd edib.

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əbdül Həmid hesab edir ki, MCB-nin Azərbaycan bazarına daxil olması Pakistandakı digər sərmayədarlar üçün də nümunə ola bilər.

"MCB müxtəlif sahələrdə ixtisaslaşan böyük Nishat Group şirkətlər qrupuna daxildir. Odur ki, qrupun qalan şirkətlərinin də gələcəkdə Azərbaycanda təmsil olunacaqlarına ümid edirik", - səfir vurğulayıb.

"MCB Lizinq"in Müşahidəçi Murasının sədri Mian Məhəmməd Manşa da bunu təsdiqləyərək tekstil sahəsində, sığorta və bank sektorlarında, sənaye istehsalında ixtisaslaşan Nishat Group-un gələcəkdə Azərbaycanın iqtisadiyyat sektoruna daxil olacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, hazırda Nishat Group altı milyon ton sement istehsal edir və Pakistanda elektrik enerjisi istehsalının 10 faizi məhz bu şirkətlər qrupunun payına düşür.

"Biz Azərbaycanın bank və sığorta sektorunun əməkdaşları üçün treninqlər də təşkil edə bilərik", - Manşa bildirib.

Azərbaycan tərəfinin təsisçisi, MCB Lizinq Müşahidəçilər Şurasının üzvü Namiq Səfərov deyib ki, hazırda Azərbaycanda xarici investisiyalar üçün əlverişli şərait yaradılıb və indiyədək Azərbaycan iqtisadiyyatına yatırılan 80 milyard dollar nəzərəçarpacaq məbləğdir. Əsas hissəsi Pakistan investisiyalarının payına düşən "MCB Lizinq"in yaradılması Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına zəmin yaradacaq.

"Bu, MCB-nin təkcə Azərbaycanda deyil, həm də ümumilikdə MDB məkanında ilk layihəsidir, lakin gələcəkdə biz fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq", - Səfərov deyib.

"MCB Lizinq" lizinq şirkəti ölkənin vergi orqanlarında 15 oktyabr 2009-cu il tarixdə dövlət qeydiyyatdan keçib. Şirkətin nizamnamə kapitalı 1,5 milyon manat təşkil edir. "MCB Lizinq"in təsisçiləri iştirak payının 70 faizinə malik Pakistanın MCB Bank LTD şirkəti və Namiq Səfərovdur.

MCB Pakistanın aparıcı banklarından biridir. Bankın 4 milyon nəfərə yaxın müştəri bazası, bazarda 1000-dən çox filialın və 450-dən çox bankomatın daxil olduğu ümummilli distribüter şəbəkəsi var.

İyulun 13-nə olan rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti