Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbirlər İ.Xəlilova, E.İsmayılov/
Azərbaycan Nəqliyyat Nazirliyi Bakıda Ziya Bünyadov prospektinin tamamilə yenidən qurulmasını planlaşdırır. Bu barədə şənbə günü Nəqliyyat Nazirliyi yanında "Azəryolservis" SC-nin rəhbəri Cavid Qurbanov deyib.
"Biz "Məşədi Əzizbəyov" metrostansiyasından başlayaraq "20 yanvar" stansiyasına qədər Ziya Bünyadov prospektinin tamamilə yenidən qurulmasına başlayacağıq", - Qurbanov deyib.
Onun sözlərinə görə, xüsusilə də prospektdə altı yol qovşağının inşası planlaşdırılır. Yenidənqurma işləri kommunikasiyaların köçürülməsini də nəzərdə tutur və bir-il yarım davam edə bilər.
"Gənclik" metrostansiyasının yaxınlığında böyük yol qovşağının inşası məsələsinə gəldikdə, Qurbanov qeyd edib ki, işlər davam etdirilir və daha bir il də sürə bilər. Belə ki, burada ən böyük meydanlardan birinin qurulması planlaşdırılır.
Hazırda Bakı şəhərinin yol təsərrüfatının yenidən qurulması planı çərçivəsində yeni keçidlər və tunellərin inşası üzrə işlər aparılır. SC rəhbərinin sözlərinə görə, xüsusilə də cari ilin sonuna qədər paytaxtda altı yeraltı keçid və iki kiçik tunelin istismara verilməsi planlaşdırılır.