Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qobustan rayonunda prioritet hesab olunan sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan investisiya layihələrinin qəbulunu elan edib.Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Dekabrın 17-də Qobustan rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilmiş tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qobustan rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir tələblərə cavab verən broyler fabrikinin tikilməsi;
- müasir tələblərə cavab verən kiçik həcmli süd emalı müəssisələrinin yaradılması.
"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər. Ünvan:Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 432-39-69. Faks: (012) 434-74-29.