...

Azərbaycanın yeganə təkrar sığorta şirkəti beynəlxalq səviyyəyə çıxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2010 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda yeganə təkrar sığorta şirkəti "AzRe Təkrar Sığorta" öz fəaliyyətini genişləndirib və ölkənin hüdudlarından kənarda risklərin qəbul edilməsinə başlayıb. Bu barədə bazar ertəsi şirkətin idarə heyətinin sədri Vüsal Abbasov deyib.

"AzRe Təkrar Sığorta" şirkəti artıq yaydan Rusiya, Qazaxıstan, Gürcüstan kimi ölkələrdə, Yaxın Şərq ölkələrində, Əmmanda, Dubayda risklərin təkrar sığortalanmasına başlayıb", - Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda şirkət bütün yerli sığorta şirkətləri ilə fəal əməkdaşlıq edir.

"Bu gün şirkətin əsas məqsədi ümumi portfeldə xarici müqavilələrin payının artırılmasıdır. Gələcəkdə hətta yerli bazardakı pay üzərində təkrar sığorta müqavilələrinin payının artırılması da mümkün olacaq", - Abbasov bildirib.

Azərbaycanın birinci təkrar sığorta şirkəti "AzRe Reinsurance" 7 noyabr 2007-ci ildə təkrar sığorta fəaliyyəti göstərmək üçün Azərbaycan Maliyyə Nazirliyindən lisenziya alıb. Şirkətin səhmdarları altı fiziki şəxsdir. Şirkət yerli və regional sığorta, təkrar sığorta şirkətləri və təkrar sığorta vasitəçiləri ilə əmlak, tikinti-quraşdırma riskləri, su, hava və avtomobil nəqliyyatı vasitələri, yüklər, bədbəxt hadisələr, məsuliyyət və maliyyə risklərinin sığortası üzrə xidmət göstərir.

Şirkətin nizamnamə kapitalı 12 milyon manat, məcmu kapitalı isə 20 milyon manat təşkil edir.

Dekabrın 27-nə olan rəsmi məzənnə 0,7985 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti