...

Böyük Britaniyanın sabiq baş naziri Küveytdə beynəlxalq sərgidə Azərbaycan pavilyonunu ziyarət edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2011 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Fevralın 23-də əl-Küveyt şəhərində ölkənin Baş naziri Nasir əl-Məhəmməd əl-Əhməd əl-Cabir Al Sabahın himayəsi ilə Beynəlxalq sərgi öz işinə başlayıb. Trend-in məlumatına görə, sərgidə ABŞ, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Hindistan, Suriya, Livan və Azərbaycan iştirak edir.

Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü və Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ili Azərbaycanda "Turizm ili" elan etməsi ilə əlaqədar Küveytdəki səfirliyimiz tərəfindən nümayiş etdirilən Azərbaycan guşəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, adət-ənənələri və etnoqrafiyası, o cümlədən məşhur xalçaçılıq məktəbi, ləziz mətbəxi, sürətlə inkişaf edən iqtisadiyyatı, ölkədə həyata keçirilən demokratik islahatlar, böyük turizm potensialı barədə ətraflı məlumatlar foroşəkillər və videofilm, həmçinin məhsullar, sənətkarlarımızın əl işləri və digər eksponatlar vasitəsilə ictimaiyyətin diqqətinə təqdim olunub.

Beynəlxalq sərgidə nümayiş etdirilən Azərbaycan guşəsi tamaşaçıların böyük marağına səbəb olub.

Fevralın 23-də Azərbaycan pavilyonunu Böyük Britaniyanın sabiq baş naziri Con Meycer də ziyarət edib.

Tanınmış ictimai-siyasi xadim Meycerə Azərbaycan haqqında məlumat verən səfir Tural Rzayev sürətlə inkişaf edən ölkəmizin qədim tarixi və bu günü barədə söhbət açıb. Meycer ölkəmizin mətbəxinə və xalçaçılıq sənətinə xüsusi maraq göstərib, Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə əlaqədar xalqımıza təbriklərini və Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.

Küveytin sabiq informasiya naziri Sabah əl-Xalid əl-Həməd Al Sabah Azərbaycan pavilyonunu ziyarət edərək, ustalarımızın əl işləri ilə maraqlanıb.

Azərbacan pavilyonunu gün ərzində 150-dən artıq şəxs ziyarət edib.

Xəbər lenti

Xəbər lenti