Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir A.Axundov/
"Azərbaycan Hava Yolları" QSC Türkiyənin Trabzon, Antalya və Bodrum şəhərlərinə aviareyslər açmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu cümə günü Adnan Menderes adına İzmir beynəlxalq aeroportunda Bakı-İzmir-Bakı aviareysinin açılması münasibətilə keçirilən tədbirdə QSC-nin mətbuat katibi Məhərrəm Səfərli deyib. Məlumatı "Zaman" qəzeti yazıb.
Bakı-İzmir-Bakı marşrutu üzrə J2041/042 saylı müntəzəm aviareys Airbus-320 təyyarələri ilə bazar ertəsi və cümə günləri həyata keçiriləcək.
Səfərlinin sözlərinə görə, tələbat artarsa bu marşrut üzrə reyslərin sayı da artırıla bilər.
Təyyarə Bakıdan saat 10:55-də qalxacaq və saat 11:55-də İzmirə enəcək (yerli vaxt göstərilib). Hava gəmisi İzmirdən saat 12:55-də qalxacaq, Azərbaycan paytaxtına isə yerli vaxtla saat 17:35-də enəcək.
Biletin qiyməti bir tərəf üçün 166 avro, hər iki tərəf üçün 272 avro təşkil edir.
Martın 18-nə olan rəsmi məzənnə 1,1163 AZN/EUR təşkil edir.