...

Azərbaycanın Abşeron rayonunda ilin sonunadək iri istixana kompleksi istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir N.İsmayılova/

Abşeron rayonunda ilin sonunadək Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına tikiləcək iri istixana kompleksi istismara veriləcək. Bu barədə Trend-ə kompleksin tikintisi ilə məşğul olan "Bağçasaray" şirkətinin nümayəndəsi Fuad Əlizadə məlumat verib.

"Xarici şirkətlərlə bağlanmış müqavilələr əsasında kompleksin təchiz olunması üçün müasir texnologiyalar alınacaq. İstixana kompleksinin yaradılması 100-dən artıq iş yerinin açılmasına kömək edəcək, eləcə də əməkdaşlar üçün təlimlərin keçirilməsi nəzərdə tutulub", - Əlizadə deyib.

Onun sözlərinə görə, kompleksdə dekorativ güllər və bitkilər becəriləcək. Bütün il ərzində yetişdiriləcək istixana məhsulları Avropa İttifaqı standartlarına tam uyğun gələcək.

"Biz istehsal olunan məhsulu təkcə Azərbaycanda satmağı deyil, həm də onu qonşu ölkələrə ixrac etməyi planlaşdırırıq", - o deyib.

Kompleksin tikintisi üçün SKMF-nin krediti 1,5 milyon manat təşkil edir, layihənin ümumi dəyəri isə 4 milyon manata yaxındır.

Onun sözlərinə görə, kompleksin planlaşdırılan gücü ildə 8 milyon ədəd bitkidir. Kompleks ilin sonunadək istismara veriləcək.

Martın 18-nə olan rəsmi məzənnə 0,7932 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti