...

Azərbaycanda Böyük Vətən müharibəsinin 3400 nəfərə yaxın iştirakçısı maddi yardım alacaq - DSMF sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2011 17:34 (UTC +04:00)
İlkin məlumatlara görə, Böyük Vətən müharibəsinin 3400 nəfərə yaxın iştirakçısı və digər kateqoriyalardan olan 29 mindən çox şəxs birdəfəlik maddi yardım alacaqlar.
Azərbaycanda Böyük Vətən müharibəsinin 3400 nəfərə yaxın iştirakçısı maddi yardım alacaq - DSMF sədri

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir A.Axundov/

İlkin məlumatlara görə, Böyük Vətən müharibəsinin 3400 nəfərə yaxın iştirakçısı və digər kateqoriyalardan olan 29 mindən çox şəxs birdəfəlik maddi yardım alacaqlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov məlumat verib.

Çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 500,0 (beş yüz) manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 200,0 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin; Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 8,7 milyon (səkkiz milyon yeddi yüz min) manat məbləğində vəsait ayrılsın.

Müslümovun sözlərinə görə, ötən il 4186 nəfər müharibə veteranı və digər kateqoriyalardan olan 32 992 nəfər belə yardım alıb.

"Bu gün Maliyyə Nazirliyi Azərbaycan Prezidentinin ehtiyat fondundan 8,7 milyon manat məbləğində vəsaiti DSMF-nin xüsusi hesabına köçürüb. İndiyə qədər biz Fondun Bakı, Abşeron və Sumqayıtdakı rayon şöbələrinə vəsait köçürmüşük", - Müslümov deyib.

Onun sözlərinə görə, sabah günün ikinci yarısında bütün rayon və şəhərlərdəki ünvan sahiblərinin hesabına vəsait köçürüləcək.

"Bu proses başa çatdıqdan sonra yardım alan şəxslərə bu barədə telefonla xəbər veriləcək", - Müslümov bildirib.

Mayın 4-nə olan rəsmi məzənnə 0,7912 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti