Azərbaycan, Bakı, 10 may /Trend, müxbir N.İsmayılova/
Apreldə Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə şübhəli əməliyyatlar üzrə 2084 və cari əməliyyatlar üzrə 17 669 məlumat daxil olub. Bu barədə çərşənbə axşamı xidmətin məlumatında deyilir. Apreldə xidmətə ümumilikdə 19 753 məlumat daxil olub. Bu, mart ayındakı göstəricini 8,8 faiz üstələyir.
2011-ci ilin əvvəlindən xidmətə 69 526 məlumat daxil olub. Bunun 7672-si (11 faiz) şübhəli əməliyyatlar, 61 854-ü isə (89 faiz) cari əməliyyatlar üzrədir.
Yanvarda şübhəli əməliyyatlar üzrə 2006, cari əməliyyatlar üzrə 13 387 məlumat daxil olub. Fevralda şübhəli əməliyyatlar üzrə 1716, cari əməliyyatlar üzrə 14 507, mart ayında isə müvafiq olaraq 1866 və 16 291 məlumat daxil olub.
Monitorinq xidməti kredit, sığorta və təkrar sığorta təşkilatları, qiymətli kağızlar bazarı və kredit təşkilatlarının peşəkar iştirakçıları, kredit təşkilatlarının lizinq xidmətləri, poçt şöbələri və digər təşkilatlar vasitəsilə pul köçürmələri, lombardlar, sərmayə fondları, qiymətli metal və daşlarla bağlı sövdələşmələr və onlardan düzəldilmiş məmulatlar, qeyri-hökumət və dini təşkilatlar, lotereya təşkilatçıları, daşınmaz əmlak alqı-satqısı üzrə xidməti göstərən şəxslər (rieltorlar), vəkillər, auditorlar, daşınmaz əmlakla bağlı sövdələşmələr, müştəri vəsaitləri, qiymətli kağızlar və əmlak, müştəri bank və depo hesablarının fəaliyyətini əhatə edir.
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti 23 fevral 2009-cu il tarixində yaradılıb.