Azərbaycan, Bakı, 11 may /Trend/
Azərbaycanın sığorta bazarının 10 ən böyük şirkətindən biri olan "Qarant Sığorta"nın dəstəyi ilə 13-23 may tarixlərində "Park Bulvar" Ticarət Mərkəzində incəsənət festivalı keçiriləcək. Bu barədə Trend-ə çərşənbə günü şirkətdən bildirilib.
Mayın 18-də dünyada qeyd olunan Beynəlxalq Muzey Günü münasibətilə keçirilən festivalın açılışı mayın 13-də saat 18:00-da təşkil olunacaq "İncə gecə" adlı sərgi ilə başlayacaq.
Bir çox ölkələrdə qeyd olunan "Muzeydə bir gecə" tədbirinin formatından fərqli olaraq, Bakıda keçiriləcək incəsənət festivalının məqsədi mümkün olduğu qədər çox insanı Azərbaycanın müasir incəsənət əsərləri ilə tanış etməkdir.
Azərbaycan sığorta bazarında "Korporativ sosial məsuliyyət mədəniyyətini" tətbiq edən ilk şirkətlərdən olan "Qarant Sığorta" incəsənət festivalında nümayiş olunacaq bütün əsərləri sığortalamaqla bu mədəniyyət aksiyasına dəstək olur.
Azərbaycanın 20 müasir rəssam və heykәltәraşı özlərinin ən yaxşı əsərlərini 13-23 may tarixlərində davam edəcək bu festival çərçivəsində təqdim edəcəklər. Onların hər birini müasir incəsənətin "brendi" hesab etmək olar. Tamaşaçılar isə bəyəndikləri əsərləri əldə edə biləcəklər.
İncəsənət festivalında təsviri incəsənətin rəssamlıq kimi klassik növünün həm mövzu, həm üslub, bəzən isə hətta material baxımından yeniləşmiş şəkildə nümayişinin şahidi olmaq mümkün olacaq. Buna sübut kimi Vüqar Əlinin səxavətli və həqiqi "yay" palitrasını, Vüqar Muradovun yaradıcılığındakı dərin çalarların lirikasını, Niyazi Nəcəfovun xəzinəsindən kəskin mövzular və aydın rəngləri, Emin Əsgərovun tapmacaları və zərif yarım-çalarlarını, Fərid Rəsulovun isə "fitnə-fəsadlı" və dəcəl süjetlərini qeyd etmək olar.
Heykәltәraşlıq yaradıcılığın məhz elə növüdür ki, burada müasir incəsənət ruhu ən qabarıq şəkildə təzahür edir. İnqilabi yeni materiallar, sarsıdıcı məna ünsürləri, geniş miqyaslı kompozisiyalar - bütün bunları, o cümlədən ölkənin görkəmli heykəltәraşları Teymur Rüstəmovun intellektual rebuslarını, Mahmud Rüstəmovun futuristik obrazlarını, Məmməd Rəşidovun tamamilə yeni nəfəsli və material baxımdan novator kompozisiyalarını "Park-Bulvar"da görmək mümkün olacaq.
Yeganə qadın-iştirakçı Kəmalə Əliyevanı isə xüsusən qeyd etmək lazımdır. Belə ki, bu qadın sənətkar öz əsərlərini mozaika kimi mürəkkəb bir texnikadan istifadə edərək yaradır. Bundan əlavə, həddi-buluğa çatmış iştirakçılarla yanaşı, istedadlı gənc rəssam - yeddi yaşlı Cəbrayıl Əliyev də bu incəsənət festivalında iştirak edəcək. Yaşının az olmasına baxmayaraq, Cəbrayıl artıq öz vətənində kifayət qədər məşhurdur. Onun "Kloun" adlı əsəri keçən il Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən "Beynəlxalq uşaq təsviri incəsənət festivalı 2010" tədbirinin rəmzinə çevrilib.
Bu layihəyə əsas dəstək "Azərcell" şirkəti tərəfindən göstərilib. Sponsor "Azərçay" şirkətidir. Təşkilatı dəstək "Qarant Sığorta" (Azərbaycanda "incəsənətin sığortalanması və sığortalama incəsənəti üzrə mütəxəssislər") və "Gazelli" şirkəti, habelə "Zeytun" restoranı tərəfindən göstərilir. İnformasiya dəstəyini isə 1news.az və "Boutique" jurnalı göstərir.
Hər kəsin sığorta şirkəti olmağı hədəfləyən "Qarant Sığorta" Azərbaycan mədəniyyətinin, idmanının, təhsilinin, iqtisadiyyatının inkişafına, cəmiyyətimizin aztəminatlı təbəqəsinin vəziyyətinin yaxşılaşmasına yönələn layihələri həyata keçirməyi davam etdirməyi planlaşdırır.