...

Azərbaycanda ilk dəfə "Plastex Caspian" sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2011 14:47 (UTC +04:00)
May ayın 25-də Azərbaycanda ilk dəfə "Plastex Caspian" 1-ci Xəzər Beynəlxalq Plastik kütlələr və kauçuk sərgisi keçiriləcək.
Azərbaycanda ilk dəfə "Plastex Caspian" sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 24 may /Trend/

May ayın 25-də Azərbaycanda ilk dəfə "Plastex Caspian" 1-ci Xəzər Beynəlxalq Plastik kütlələr və kauçuk sərgisi keçiriləcək. "Plastex Caspian" layihəsi bütün dünyada tanınmış "Plastex" sərgiləri brendinin bir hissəsidir və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrin plastik kütlələr sənayesinin ən böyük sərgilərini birləşdirir.

Bu debüt sərgidə 20 şirkət iştirak edir və onların arasında plastik və kauçuk emalı üçün avadanlıq istehsalçılarından tutmuş xammal və aşqar (əlavə) istehsalçılarına qədər polimerlər bazarının ən iri dünya liderləri var. Eksponentlərin tərkibinə inşaat sektorundan tutmuş mebel və məişət texnikası sektoruna qədər müxtəlif sektorlarda plastik və kauçukdan hazır məhsul istehsal edən müəssisələr də daxildir. Yerli istehsalçılar "METAK", Sumqayıt Texnoloji Parkı və s. bu kimi böyük müəssisələr ilə təmsil edilib. Layihənin debüt olmasına baxmayaraq, sərgi xarici şirkətlərin böyük marağına səbəb olub.

Belə ki, sərgidə kommersiya şirkətləri ilə yanaşı, həmçinin Avstriya və Almaniyanın milli stendləri də təqdim olunacaq. İştirakçılar siyahısında "Petkim TP", "Textima" və "Zeppelin" kimi şirkətlərin adları var və onların iştirakı sərginin təşkilatçıları "Iteca Caspian" və "ITE Group" şirkətlərinin, habelə GIMA (Almaniya) və EUF (Türkiyə) şirkətlərinin də daxil olduğu tərəfdaş şəbəkələrinin fəal işi nəticəsində mümkün olub.

Azərbaycanda plastik sənayesinin inkişafı üçün hər cür zəmin var. Karbohidrogen ehtiyatlarının, böyük və çoxistiqamətli kimya kompleksinin və elmi-istehsalat bazasının mövcud olması bu layihənin təşkil edilməsi üçün əla zəmin yaradır. Həmçinin, iqtisadiyyatın qeyri-neft sektorunun, o cümlədən qida sənayesinin, inşaat sahəsinin və öz istehsalat fəaliyyətində plastik qutu və qablaşdırma materiallarından istifadə edən digər sahələrin sürətli inkişafı bu sərginin keçirilməsinin əhəmiyyətini və aktuallığını xeyli artırır.

Beləliklə, "Plastex Caspian" sərgisi Azərbaycan, Avstriya, Almaniya və Türkiyədən olan aparıcı istehsalçıları öz meydançasında toplayaraq, kommersiya şirkətlərinə yeni satış bazarlarını müəyyən etmək, yeni əməkdaşlıq əlaqələri qurmaq, həmçinin, plastmas və dünya rezin-texniki məmulatları sənayesi və onun inkişafının yeni istiqamətlərinin icmalını təqdim etmək üçün ideal imkan yaradacaq və ölkənin kimya sektorunun dirçəlişinə təkan verəcək. Yerli istehsalatda yeni texnologiyaların tətbiq edilməsi isə bu sahənin inkişafına daha bir təkan verməklə, ölkənin kimya kompleksinin dirçəlməsinə kömək edəcək.

"Plastex Caspian" sərgi "Bakı Ekspo" sərgi mərkəzində keçiriləcək və mayın 27-ək öz işini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti