...

İlin I yarısında Azərbaycanın dövlət büdcəsinin mədaxil proqnozu 110,9 faiz yerinə yetirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2011 18:22 (UTC +04:00)
2011-ci ilin birinci yarısının yekunlarına görə, Azərbaycanın dövlət büdcəsinin profisiti (büdcə artıqlığı) 728,7 milyon manat (ÜDM-in 3,2 faizi) təşkil edib.
İlin I yarısında Azərbaycanın dövlət büdcəsinin mədaxil proqnozu 110,9 faiz yerinə yetirilib

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin birinci yarısının yekunlarına görə, Azərbaycanın dövlət büdcəsinin profisiti (büdcə artıqlığı) 728,7 milyon manat (ÜDM-in 3,2 faizi) təşkil edib. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir. Dövlət büdcəsinin mədaxili 5610,8 milyon manat, xərcləri isə 4882,1 milyon manat təşkil edib.

Dövlət büdcəsinin mədaxil proqnozu 110,9 faiz yerinə yetirilib ki, bu da proqnoza nisbətən 552,6 milyon manat, 2010-cu ilin eyni dövrü ilə müqayisədə isə 688,1 milyon manat və ya 14 faiz çoxdur.

Vergilər Nazirliyi tərəfindən proqnoza 125,3 faiz əməl edilməklə büdcəyə 2562,9 milyon manat və yaxud 517,2 milyon manat çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 559,1 milyon manat və ya 27,9 faiz çox vəsait təmin edilib.

Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,1 faiz əməl olunmaqla büdcəyə 542,4 milyon manat və ya proqnoza nisbətən 0,8 milyon manat çox vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91,8 milyon manat və ya 20,4 faiz çoxdur.

Dövlət Neft Fondundan büdcəyə 2461 milyon manat vəsait transfert edilib.

Sair daxilolmalar üzrə büdcəyə 44,5 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 34,6 milyon manat və ya 4,5 dəfə, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 milyon manat və ya 3,3 dəfə çox olub.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 94,8 faiz və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 605,4 milyon manat və ya 14,2 faiz çox icra edilib. Dövlət borclarına xidmətlə bağlı xərclərə dövlət büdcəsi xərclərinin 1 faizi həcmində və ya 48,6 milyon manat vəsait istifadə olunub ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon manat və ya 21,8 faiz çoxdur.

Dövlət büdcəsinə daxil olan vəsaitin 38,4 faizi və ya 1,9 milyard manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 199 milyon manat və ya 11,9 faiz çox olub.

Dövlət büdcəsi xərclərindən fuksional təsnifata uyğun olaraq kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 31 milyon manat və ya 22 faiz, səhiyyə xərclərinə 34,4 milyon manat və ya 21,2 faiz, nəqliyyat və rabitə xərclərinə 3,2 milyon manat və ya 15,2 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 62,1 milyon manat və ya 10,2 faiz, təhsil xərclərinə 50,9 milyon manat və ya 9,9 faiz, iqtisadi fəaliyyət xərclərinə 5,3 milyon manat və ya 7,8 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 5,2 milyon manat və ya 7,5 faiz, mənzil və kommunal təsərrüfatı xərclərinə 5,8 milyon manat və ya 6,7 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 11,5 milyon manat və ya 4,1 faiz, ümumi dövlət xidmətlərinə 9,2 milyon manat və ya 2,5 faiz çox vəsait yönəldilib.

2011-ci il üçün büdcə proqnozlarına düzəlişlər çərçivəsində 15,554 manat gəlirlə 73,87 faiz (11,49 milyard manat) neft-qaz sektorunun gəlirləri hesabına gözlənilir. Layihəyə əsasən, dövlət büdcəsinin xərcləri 15941,2 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu halda ümumi dövlət xərclərində kapital qoyuluşları üçün xüsusi çəki 36,8 faizə çatacaq.

İyulun 26-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti