Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir E. Əliyev/
19-23 sentyabr 2011-ci il tarixlərində Kanadanın Toronto şəhərində "Sibos 2011" beynəlxalq bankçılıq sərgisi keçirilir. Tədbirdə Azərbaycanı sərgi stendi ilə təmsil edən yeganə bank "Paşa Bank"dır. Sərgidə "Paşa Bank"ın idarə heyətinin sədri Fərid Axundovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Bu barədə Trend-ə Azərbaycanın Kanadadakı səfirliyində məlumat veriblər.
Qeyd edək ki, çərşənbə axşamı "Paşa Bank" tərəfindən sərginin iştirakçılarına rəsmi ziyafət verilmişdir. Ziyafətdə, həmçinin, Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev iştirak etmişdir.
Eyni zamanda, "Sibos 2011" sərgisində "Azərbaycan Beynəlxalq Bankı"nın və "Xalq Bankı"nın nümayəndələri iştirak etmişlər.
Beynəlxalq maliyyə aləmində nüfuza malik sözügedən sərgidə regionumuzdan yalnız Azərbaycan və Rusiya bankları iştirak etmişlər.