...

Azərbaycan CAREC proqramı çərçivəsində 3 milyard dollara yaxın sərmayə yatırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2011 12:15 (UTC +04:00)
Gələn həftə Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) 10-cu ildönümünə həsr edilmiş Nazirlər Konfransı keçiriləcək.
Azərbaycan CAREC proqramı çərçivəsində 3 milyard dollara yaxın sərmayə yatırıb

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir N.İsmayılova/

Gələn həftə Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) 10-cu ildönümünə həsr edilmiş Nazirlər Konfransı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) Azərbaycan nümayəndəliyinin cümə axşamı yaydığı məlumatda deyilir.

Tədbirdə on ölkənin uğurlu əməkdaşlığı qeyd olunacaq.
Bu əməkdaşlıq sayəsində bütün region üzrə insanların həyatının yaxşılaşdırılması üçün enerji, ticarət və nəqliyyat sektorlarına CAREC-lə bağlı 17 milyard dollar vəsait qoyulub.

2002-ci ildə CAREC Proqramına üzv olduqdan bəri Azərbaycan bütün regionda insanların həyatının yaxşılaşdırılmasına kömək edən CAREC layihələrinə 3 milyard dollara yaxın sərmaye qoyub. CAREC-in geniş yol və dəmir yolu şəbəkəsi insanları və ticarəti Çin Xalq Respublikasından tutmuş Qafqaza və Avropaya və Qazaxıstandan tutumuş Karaçinin isti limanlarına və qlobal bazarlara daşımaq imkanı verir.

CAREC Proqramı çərçivəsində Azərbaycanın Şərq-Qərb magistral yolunu müasirləşdirməsi bu vacib nəqliyyat arteriyasının Xəzər dənizi ilə Qara dəniz arasında effektiv dəhlizə çevrilməsinə və Avropa ilə Asiya arasında ticarəti təbliğ etməsinə yardım göstərib. Təkmilləşdirilmiş yollar yerli kənd təsərrüfatı və sənaye sektorlarını dirçəltməyə yardım edir və neft gəlirlərinin faydasını genişləndirir.

"Yol tikintisi Azərbaycanın ölkə daxilində və ölkədən kənarda ticarətin və həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı götürdüyü öhdəlikləri nümayiş etdirir", - Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndliyinin rəhbəri Olli Noroyono qeyd edib. "Bu tədbirə ev sahibliyi etməklə, Azərbaycan hökuməti daha dərin regional əməkdaşlıq əldə etmək istədiyini məmnuniyyətlə nümayiş etdirir", - o əlavə edib.

Nazirlər Konfransı 23-24 noyabr tarixlərində keçiriləcək. 2008-ci ildə CAREC Proqramına üzv olan ölkələrin toplantısına ev sahibliyi edən Azərbaycan ikinci dəfədir ki, belə bir tədbiri təşkil edir.

CAREC ölkələrindən olan nazirlər və yüksək vəzifəli şəxslər ilk 10 il ərzində əldə olunan nailiyyətləri qeyd edəcəklər. Nazirlər həmçinin regionda insanların və ticarətin sürətlə və daha effektiv bir şəkildə sərhədlərdən keçməsini təmin edən əsl interqrasiya və qloballaşma ilə bağlı öz fikirlərini bölüşəcəklər.

Konfransda növbəti 10 il üçün CAREC 2020 strategiyasına start veriləcək. Yeni strategiya ölkələrə qlobal iqtisadiyyat çərçivəsində ticarəti genişləndirməyi və rəqabətə davamlılığı artırmağa kömək edəcək və Mərkəzi Asiyanı regional ticarətin mərkəzi kimi təqdim edəcək.

Növbəti 10 il üçün CAREC layihələrinin maliyyələşdirilməsi məsələsi Yaponiya, ABŞ, Böyük Britaniya və digər ölkələrdən olan donor agentliklərinin nümayəndələri tərəfindən İnkişaf Tərəfdaşları Forumunda müzakirə ediləcək.
CAREC aşağıdakı ölkələrdən ibarətdir: Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan. CAREC-in fəaliyyətini altı beyənlxalq qurum dəstəkləyir: AİB, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı. AİB 2001-ci ildən CAREC-in Katibliyi kimi xidmət göstərib.

Xəbər lenti

Xəbər lenti