...

Azərbaycan 2012-ci ildə ÜDM-də pensiya xərclərinin payını artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2011 16:13 (UTC +04:00)
2011-ci ildə həyata keçirilmiş pensiya islahatları nəticəsində 1 ildə pensiyaçılara ödəniləcək əlavə vəsaitin həcmi 410 milyon manat olacaq.
Azərbaycan 2012-ci ildə ÜDM-də pensiya xərclərinin payını artıracaq

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir A.Axundov/

2011-ci ildə həyata keçirilmiş pensiya islahatları nəticəsində 1 ildə pensiyaçılara ödəniləcək əlavə vəsaitin həcmi 410 milyon manat olacaq ki, bu da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2012-ci il büdcəsinin gəlirlərinin 17 faizini təşkil edir.

Trend-in məlumatına görə, bu barədə DSMF sədri Səlim Müslümov cümə günü hakim Yeni Azərbaycan Partiyasının saytında dərc olunan müsahibəsində bildirib.

"Digər tərəfdən, bu islahatdan sonra pensiyaçıların 97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb", - Müslümov deyib.

Onun sözlərinə görə, bütün pensiyaların vahid prinsiplə hesablanması təmin edilib, həm də pensiyaların orta aylıq məbləğinin əməkhaqqının orta aylıq məbləğinə nisbəti 40 faizi ötüb.

"Təbii ki, bu artımlardan sonra pensiya xərclərinin ölkənin ÜDM-na olan nisbəti artacaq və 2012-ci ildə 5,34 faizə çatacaq. Müqayisə üçün qeyd edim ki, bu göstərici 2003-cü ildə 3,9 faiz olub və bu gün qonşu Rusiyada 8 faiz, Qazaxıstanda 4,7 faiz, Almaniya və Fransada 13 faiz, Avstriya və İtaliyada isə 15 faizdir", - Müslümov bildirib.

Onun sözlərinə görə, yeni yüzilliyin ortaya qoyduğu əsas çağırışlardan biri əhalinin tərkibində xüsusi çəkisi getdikcə artan ahıl nəslin nümayəndələrinin layiqli həyatını təmin etmək üçün dövlətin yönəltdiyi vəsaitin artan həcmi ilə iqtisadiyyatın getdikcə daralan imkanları arasında optimal nisbəti necə saxlamaq problemidir.

"Artıq bir sıra ölkələrdə, məsələn, İtaliya, Yunanıstan, İrlandiya, İspaniyada milli iqtisadiyyatın mövcud şərtlər daxilində pensiya yükünü çəkmək iqtidarında olmadığı üzə çıxır və bu bir daha göstərir ki, məşhur amerikan iqtisadçısı Drakerin qeyd etdiyi kimi, XXI yüzilliyin ən əhəmiyyətli dəyişiklikləri heç də elmlə, texnoloji uğurlarla və ya insanın dəyişən daxili aləmi ilə deyil, demoqrafik sferadakı hadisələrlə bağlı olacaq, çünki XX əsrin son 25 ilində milli gəlirin 65 yaşdan yuxarı əhalinin xeyrinə yönəldilən hissəsi 2 dəfə artıb və bu proses hazırda davam edir", - DSMF sədri deyib.

Müslümovun sözlərinə görə, tezliklə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə büdcənin ən böyük xərc maddəsi pensiya təminatı, tibbi yardım və sosial xidmət xərcləri olacaq və əgər müvafiq tədbirlər görülməzsə, pensiya xərcləri iqtisadiyyatın inkişafını əngəlləyən amilə çevrilə bilər.

"Buna görə də əmək bazarının, demoqrafiya və miqrasiya proseslərinin, həmçinin, sosial təminat və pensiya-sığorta sistemlərinin tənzimlənməsi zamanı Azərbaycan hökuməti bu amili xüsusi diqqətdə saxlayır. Belə ki, 2003-2011-ci illər ərzində ölkədə 60 yaşdan yuxarı insanların sayı 4 faiz artaraq 810,6 min nəfərə çatdığı halda, ÜDM-in artımı 6 dəfə, pensiya sisteminin xərclərinin artımı isə 7,3 dəfə olub. Başqa sözlə, Azərbaycan hökuməti dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindəki ahıl insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,3-0,48 faizinə qədər pensiya xərcinin ayrılması prinsipini gerçəkləşdirilib", - Fond sədri deyib.

Onun sözlərinə görə, 2011-ci ildə 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisi 8,9 faiz, pensiya təminatına yönəldilən vəsait isə ÜDM-nin 4,8 faizi qədər olub.

"Göründüyü kimi, hazırda ölkəmizdə 60 yaşdan yuxarı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,53 faizi düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəricilərə uyğun gəlir", - Müslümov qeyd edib.

Dekabrın 16-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti