Azərbaycan, Bakı, 29 fevral /Trend müxbir H.Vəliyev/
Mayın 1-dən etibarən Azərbaycana ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalının dayandırılması haqqında qərar VAZ-2121 "Niva" və UAZ markalı minik avtomobillərinə şamil edilmir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin direktoru Namiq Tağıyev bildirib.
Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırılması qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə əsasən, bu ilin may ayının 1-dən etibarən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək.
Onun sözlərinə görə, bu qərar kütləsi 2,5 tondan az olan minik avtomobillərinə şamil edilir.
"2012-ci ilin əvvəlinə olan vəziyyətə görə ölkədə təxminən 1 milyon minik avtomobili qeydiyyata alınıb, onlardan 400 mini təhlükəsizlik normalarına cavab vermir. Ötən il baş verən yol-nəqliyyat qəzalarının təxminən 50 faizi belə avtomobillərin günahı ucbatından olub. Bununla əlaqədar olaraq, belə avtomobillərin ölkəyə idxalının dayandırılması zərurəti var" , - Tağıyev qeyd edib.