Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Ə.Həsənov/
2011-ci ildə Azərbaycanın Dövlət Taxıl Fondu 500 min ton buğda ehtiyatı yaradıb. Bunun 425 min tonu 2010-cu ilin noyabr-dekabr, 75 min tonu isə 2011-ci ilin birinci rübü ərzində tədarük edilib. Trend-in məlumatına görə, bu barədə "Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat"da deyilir.
Əhalinin çörək məhsulları ilə etibarlı şəkildə təmin olunması məqsədilə Nazirlər Kabinetinin qərarı əsasında dördaylıq tələbat norması həcmində taxıl ehtiyatının yaradılması üçün 68,5 milyon manat vəsait ayrılıb.
"Eyni zamanda, idxal olunan buğda və buğda ununun qiymət artımının qarşısını almaq, eləcə də əhalinin çörək və çörək məhsulları ilə təmin olunması üçün 2011-ci il avqustun 1-dən ölkəyə taxıl, çovdar və meslin, habelə buğda və buğda-çovdar ununun idxalı ƏDV-dən azad edilib", - məlumatda deyilir.
2011-ci ildə Gəncə şəhərində buğda ehtiyatlarının saxlanması üçün 60 min tonluq taxıl elevatoru tikilib.
Bakıda 2010-cu ilin dekabr ayında 100 min ton həcmində taxıl elevatorunun işə salınması ilə yanaşı,100 min ton gücündə daha bir müasir taxıl elevatorunun layihələndirilməsi başa çatdırılıb. Artıq yeni elevator üçün zəruri avadanlıq və qurğuların alınmasına başlanıb.
2011-ci il ərzində respublikaya 1167 min ton, eləcə də Dövlət Taxıl Fondunun xətti ilə (19,3 faiz) 225 min ton ərzaq buğdası və 181 min ton buğda unu gətirilib.