...

SKMF Bakının Suraxanı rayonu üçün prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2012 11:16 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakı şəhərinin Suraxanı rayonunda prioritet hesab olunan aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
SKMF Bakının Suraxanı rayonu üçün prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

Azərbaycan, Bakı, 3 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakı şəhərinin Suraxanı rayonunda prioritet hesab olunan aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Bu barədə Trend-ə Fonddan məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planının müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2012-ci il martın 30-da Suraxanı rayonunun Bülbülə qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir çörək istehsalı müəssisəsinin yaradılması;
- kiçik və ya orta həcmli istixana təsərrüfatlarının yaradılması;
- kiçik və ya orta həcmli zeytunçuluq təsərrüfatlarının yaradılması.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələrini Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti