...

Azərbaycan heyvandarlıq sahəsində regional liderə çevrilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2012 20:42 (UTC +04:00)
Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Süni Mayalama Mərkəzi yaradılıb.
Azərbaycan heyvandarlıq sahəsində regional liderə çevrilir

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Ə.Həsənov/

Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Süni Mayalama Mərkəzi yaradılıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Hеyvаndаrlıq məhsullаrının istеhsаlı, еmаlı, dаmаzlıq işi və оtlаqlаr şöbəsinin müdiri Çingiz Fərəcovun "Azərbaycan" qəzetində dərc edilən məqaləsində deyilir.

"Azərbaycanın hər bir rayon və şəhərində Süni Mayalama Mərkəzi yaradılıb", - Fərəcov deyib.

Heyvanlarda süni mayalanma tədbirlərini həyata keçirmək üçün Süni Mayalama Mərkəzi nəzdində yaradılmış kurslarda 450 nəfər süni mayalama texniki hazırlanıb. Onlar süni mayalama avadanlıqları, yedəkli motosiklet, heyvan toxumu və maye azotla təmin olunublar. Təcrübə qazanmaları və işdə möhkəmlənmələri, ilk dövrdə maddi vəziyyətlərinin yüngülləşdirilməsi üçün süni mayalama texniklərinə işlədikləri birinci ildə əməkhaqqı verilir.

2011-ci ildə həyata keçirilən tədbirlər nəticəsində 78 216 baş heyvan süni mayalanıb və 46 855 baş bala alınıb. Ölkədə mövcud olan inək, camış və iki yaşından böyük düyələrin 5,5 faizi süni mayalanıb.

Hazırda heyvanların süni mayalanması Zaqatala, Abşeron, Ağdaş, Sabirabad, Qəbələ, Salyan və Xaçmaz rayonlarında təşkil olunub.

Abşeronda rayonunda sağmal inəklərin 25 faizi süni mayalanma ilə əhatə olunub. Burada hər bir süni mayalama texniki ildə 500-600 baş heyvanı süni mayalayıb 80-85 baş bala alır. Mütəxəssislərin hesablamalarına görə, ötən il Abşeron rayonu üzrə hər inəkdən orta hesabla 4300 kq süd sağılıb.

Süni mayalanma nəticəsində alınmış inəklərdən ildə orta hesabla 3500-4000 kiloqram süd sağılır. Bu inəklərin fərqi ondan ibarətdir ki, yedikləri yemi tezliklə südə çevirmək qabiliyyətinə malikdirlər.

"Heyvanların süni mayalanması böyük iqtisadi səmərə verir. Bir baş düyənin satın alınıb gətirilməsi 3400-3500 manata başa gəldiyi halda, süni mayalanma yolu ilə bir baş buzovun alınmasına 20 manat sərf olunur", - Fərəcov deyib.

Xəbər lenti

Xəbər lenti