...

Regionlarda aparılan dövlət əyar nəzarəti zamanı pozuntular aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2012 10:27 (UTC +04:00)
Azərbaycanda Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri davam etdirilir.
Regionlarda aparılan dövlət əyar nəzarəti zamanı pozuntular aşkar edilib

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Azərbaycanda Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2012-ci ilin mart ayında Şəki şəhərində fəaliyyət göstərən iki obyekdə və Şəmkir şəhərində fəaliyyət göstərən bir obyekdə həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 2250 ədəd zərgərlik məmulatları aşkar edilmişdir. Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən olunmuşdur.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənmiş, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanmışdır.

Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən Məmmədov Kamil İbrahim oğluna məxsus "Nərmin" zərgərlik mağazasında dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən, hətta qiymətsiz metallardan hazırlanmış məmulatların istehlakçılara təklif edilməsi faktlarının kütləvi xarakter daşıdığı müəyyən edilmişdir.

Belə ki, adı çəkilən sahibkara məxsus obyektdə aparılan yoxlama zamanı satışda olan bütün məmulatların, yəni 389 ədəd zərgərlik məmulatının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunmuşdur. Həmçinin, alıcılara təklif edilən qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının 50 %-dən çoxunun əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilmişdir.

2012-ci ilin I rübü ərzində ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə, müvafiq olaraq 164710,0 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən 21800,0 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.
Keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmış zərgərlik məmulatlarını almağı tövsiyyə edir.

Xəbər lenti

Xəbər lenti