...

Ucarda quş əti məhsulları istehsal edəcək yeni müəssisə yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2012 10:41 (UTC +04:00)
Sentyabr ayının 1-də Ucarda yeni "Ucar Aqro" MMC kəsim sexinin təməlqoyma mərasimi keçirilib.
Ucarda quş əti məhsulları istehsal edəcək yeni müəssisə yaradılır

Azərbaycan, Bakı,11 sentyabr /Trend/

Sentyabr ayının 1-də Ucarda yeni "Ucar Aqro" MMC kəsim sexinin təməlqoyma mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə ZQAN Holdinq-in çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Sahəsi 5 ha, ümumi ərazisi isə digər istehsal sahələri də daxil olmaqla 87 ha təşkil edən kəsim sexində, ekoloji təmiz, ən müasir texnologiyanın tətbiqi ilə emal edilmiş, "Halal"lıq standartının tələblərinə cavab verən quş əti məhsulları istehsal olunacaq. Kəsim sexi fəaliyyətə başladıqdan sonra saatda 6 000 baş quş emal edəcək. İnşa və tikintinin müddəti 18-20 ay nəzərdə tutulub.

Tədbirdə iştirak edən ZQAN Holdinq-in İdarə Heyətinin sədri Vaqif Həsənov kəsim sexi haqqında geniş məlumat verib. "Bu gün ZQAN Holdinqin yeni layihəsinin təməlqoyma mərasimidir. Tikintisinə başlanılan kəsim sexi ölkə quşçuluq təsərrüfatında ən müasir texnologiyalar əsasında fəaliyyət göstərəcək sexlərdən biri olacaq. Elə təkcə onu qeyd etmək olar ki, müəssisə dünyanın aparıcı texnika istehsalçısı olan Hollandiyanın Meyn şirkətinin kəsim avadanlığı ilə təchiz ediləcəkdir. Bu isə öz növbəsində daha sürətli istehsal olunan və daha keyfiyyətli məhsul deməkdir. Kəsim sexi fəaliyyətə başladıqdan sonra burada 150-160 daimi iş yeri yaradılacaqdır, ümumilikdə isə quşçuluq fermasında 800-ə yaxın insan işlə təmin olunacaq. Çox şadam ki, Ucar Aqro kəsim sexi tezliklə quşçuluq təsərrüfatında yeni keyfiyyət standartı tətbiq edəcəkdir", - Həsənov bildirib

Qeyd edək ki, təməlqoyma mərasimində ZQAN Holdinq şirkətlər qrupunun və Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edib.

ZQAN Holdinq Azərbaycanın Bakı şəhərində uğurlu və dinamik idarəetmə şirkəti kimi fəaliyyət göstərir. ZQAN Holdinq ZQAN Şirkətlər Qrupuna daxil olan şirkətlərin apardığı fəaliyyətinə və strateji qərarlarına rəhbərlik edir. ZQAN Şirkətlər Qrupu inşaat məhsullarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, nəqliyyat və yükdaşıma, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti