...

Arif Əsgərov: Dəmiryolçular 2012-ci ili uğurla başa vuraraq sərnişin və yük daşımalarına olan tələbatı artıqlaması ilə yerinə yetirəcək (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2012 09:00 (UTC +04:00)
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun dəmir yolçuların peşə bayramı ərəfəsində Trend-ə musahibəsi
Arif Əsgərov: Dəmiryolçular 2012-ci ili uğurla başa vuraraq sərnişin və yük daşımalarına olan tələbatı artıqlaması ilə yerinə yetirəcək (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun dəmir yolçuların peşə bayramı ərəfəsində Trend-ə musahibəsi

- Dəmir yolları hər bir ölkədə iqtisadiyyatın mühüm tərkib hissəsidir. Azərbaycan üçün də dəmir yolları eyni əhəmiyyət kəsb edir. Ölkənin dəmir yolları 132 illik inkişaf yolu keçib. Bu uzunmüddətli dövr ərzində Azərbaycanın dəmir yolları necə dəyişib və uzunluğu nə qədər artıb?

- Azərbaycanda dəmir yolunun yaranma tarixi on doqquzuncu əsrin sonlarına təsadüf edir. Ölkəmizdə dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 1880-ci ilin yanvar ayında başa çatmışdır. Bu, uzunluğu 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur.

Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə alaraq inkişaf etmiş və təkmilləşmişdir. Hazırda baş yolların ümumi uzunluğu 2910,1 km, istismar uzunluğu 2079,3 km-dir ki, onlardan da 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1241,4 km-i və ya 59,7%-i elektrikləşdirilmiş, 837,9 km-i, yəni 40,3%-i tepolovoz dartısı ilə işləyir. 1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir.

- Hazırda Azərbaycan dəmir yolları inkişaf və tərəqqinin yeni mərhələsini yaşayır. Son illər "Azərbaycan Dəmir Yolları" QSC üçün mühüm hadisələrlə yadda qalır. Siz bu barədə ətraflı danışa bilərsinizmi?

- Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dəmir yolu nəqliyyatının inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm cənab İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, ölkəmizin həyatında mühüm yer tutan nəqliyyat sektorunda da genişmiqyaslı islahatlar həyata keçirilmiş, böyük nailiyyətlər əldə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəmir yolunun hərtərəfli inkişafını, iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsini, bu sahədə idarəetmənin təkmilləşdirilməsini və görülən işlərin səmərəliliyinin daha da artırılması məqsədilə bir sıra mühüm qərarlar qəbul etmişdir. Cənab Prezidentin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması dəmir yolunun tarixində yeni bir eranın başlanğıcı qoyuldu.

Cənab Prezidentin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Dövlət Proqramına uyğun olaraq, vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı-Böyük-Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır. Dövlət Proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir.

Beynəlxalq maliyyə qurumları ilə son vaxtlar daha intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda islahatların aparılmasına öz müsbət təsirini göstərəcəkdir. Çünki dəmir yolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Ölkə başçısının dəstəyi sayəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə Azərbaycan Hökuməti arasında 450 milyon ABŞ dolları, Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində Kredit Müqaviləsi imzalanmışdır. Dövlət Proqramına uyğun olaraq, bu vəsaitlərə lokomotiv, yol, enerji təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidənqurulması, yeni lokomotivlərin alınması, beynəlxalq maliyyə-hesablama sisteminin tətbiq edilməsi nəzərdə tutulur.

- Hazırda dəmir yollarının təkmilləşdirilməsinə dair Dövlət Proqramının reallaşdırılması üzrə işlər görülür. Bu sahədə artıq hansı işlər görülüb və daha hansı işlərin görülməsi planlaşdırılır?

- Dövlət Proqramının icrası sürətlə təmin olunur. Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir, bu günə kimi 134 km yol əsaslı təmir olunub.

Dövlət Proqramı çərçivəsində Elektrik təchizatı, İşarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması istiqamətində işlərinə qədəm qoyub. Yeni lokomotivlərin və müxtəlif təyinatlı vaqonların alınması da gündəmdədir.

Saloğlu-Poylu mənzilinin 73 km-də Kür çayı üzərindəki yeni ikinci körpünun və körpü üzərindən keçən dəmir yolu xəttinin tikintisi, Çarxı-Sarvan mənzilinin 2508 km-də Vəlvələçay üzərində yerləşən dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin 98 km-də Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası görülən işlər sırasındadır.

Dünya Bankının Layihəsi çərçivəsində Bakı-Böyük Kəsik sahəsində 25 kV-luq dəyişən cərəyanlı dartı sisteminə keçidlə əlaqədar və 50 ədəd dəyişən cərəyanla işləyən yeni yük lokomotivlərinin alınması üzrə müvafiq prosedurlara uyğun olaraq işlər davam etdirilir.

Dəmir yollarının təmiri və saxlanması üçün Avstriyadan alınmış yeni GSM 09-32, RM-80 və USP-2000 markalı yol təmiri maşınlarının fəaliyyəti və onların saxlanması üçün Biləcəridəki Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri emalatxanasında anqarın tikintisi başa çatmaq üzrədir.

Eləcədə, Salyan Rels-Qaynaqlama Qatarında 800 metrlik uzunölçülü relslərin hazırlanıb daşınmasına start verildi, Qızılca qırmadaş zavodun ikinci istehsal xətti və yeni bunkeri istismara verildi. Və həmçin Bakı-sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış Pos-terminallar vasitəsilə nəğdsiz ödənişi tətbiq edildi.

Növbəti illərdə Dövlət Proqramının icrası ilə əlaqədar Azərbaycan Hökuməti tərəfindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin qarşısında mühüm vəzifələr qoyulmuşdur. Ümidvaram ki, qarşımızda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində kollektivimiz əzmlə çalışacaqdır.

- Siz Azərbaycan iqtisadiyyatının inkişafı naminə sərnişinlərin, yüklərin daşınmasının təmin edilməsi üçün dəmir yollarının inkişafı sahəsində görülən işlər haqqında danışdınız. Bu il QSC hansı istehsalat göstəricilərinə nail olub?

- "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin 2012-ci ilin 8 ayı ərzində istehsalat və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı göstəricilərini diqqətinizə çatdırmaq istəyirəm. İlkin hesablamalara görə, 2012-ci ilin 9 ayı ərzində 17,1 milyon ton yük və 2 milyon nəfər sərnişin daşınıb.

Əminəm ki, dəmiryolçular 2012-ci ili uğurla başa vuracaq, sərnişin və yük daşımalarına olan tələbatı artıqlaması ilə yerinə yetirəcək və dəmir yolunun inkişafını və ahəngdar iş rejimini saxlamaq üçün əllərindən gələni edəcəklər.

- Azərbaycanın, Gürcüstanın və Türkiyənin dəmir yollarının birləşdirilməsini və Avropa məkanına çıxışın təmin olunmasını nəzərdə tutan Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisi layihəsi çox vacib və möhtəşəmdir. Hazırda regionumuz üçün mühüm olan bu layihə ilə bağlı işlər nə yerdədir?

- Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. Ölkəmiz beynəlxalq və regional layihələrin, o cümlədən "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" nəqliyyat layihələrinin reallaşması prosesində aktiv iştirak edir.

Azərbaycanın daha çox önəm verdiyi beynəlxalq layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaqdır.

Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin tikintintisində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Dəmiryolservis" MMC-nin kollektivləri podratçı təşkilat kimi iştirak edirlər. Bu ilin sonuna kimi ilk qatarın Türkiyə sərhəddinə kimi göndərilməsi nəzərdə tutulur. Layihə tam olaraq 2014-cü ildə istismara veriləcəkdir.

- Hazırda beynəlxalq iqtisadi məkanın bir hissəsi olan Azərbaycan fəal templərlə inkişaf edir və bir çox ölkələrlə əlaqələr qurur. İnteqrasiya proseslərində iştirak sahəsində QSC hansı nailiyyətlər əldə edib?

- İnteqrasiya proseslərinin sürətlənməsi, yaxın və uzaq qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafı ölkəmizin və onun nəqliyyat strukturlarının xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvüdür.

1997-ci ildən başlayaraq Bakıda dəmiryolçuların bir çox beynəlxalq tədbirləri, o cümlədən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 19-cu, 33-cü və 47-ci iclasları, DYƏT-in üzvü olan ölkələrin Nazirlər Müşavirəsinin 29-cu sessiyası, 2006-cı ildə DYƏT-in Baş direktorlar Konfransının 21-ci toplantısı, Beynəlxalq tranzit tarifi haqqında müqavilə iştirakçılarının 18-ci iclası, Tarif Konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dəmir yolu rəhbərlərinin müşavirəsi, "Strateji Tərəfdaşlıq 1520: Qafqaz Regionu" biznes forumu, Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının 40-cı müşavirəsi keçirilmişdir. Bütün bunlar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin etibarlı strateji tərəfdaş olmasının əyani göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti