...

"Ogilvy & Mather": Azərbaycanda reklam bazarının inkişafı üçün potensial var

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2013 10:59 (UTC +04:00)
Azərbaycanın reklam bazarının inkişafı üçün böyük potensialı var.
"Ogilvy & Mather": Azərbaycanda reklam bazarının inkişafı üçün potensial var

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir A.Bədəlova/

Azərbaycanın reklam bazarının inkişafı üçün böyük potensialı var. Trend-in məlumatına görə, bu barədə "Ogilvy & Mather" şəbəkə beynəlxalq reklam agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Aleks Herd Bakıda təşkil olunan mətbuat konfransında bildirib.

Şirkətinin fəaliyyəti haqqında danışarkən o bildirib ki, Azərbaycan bazarına daxil olmaqla "Ogilvy & Mather"in fəaliyyət göstərdiyi ölkələrin sayı 126-ya çatıb.

"Mən hesab edirəm ki, biz Azərbaycanın sımasında güclü tərəfdaş seçmişik və bu əhəmiyyətlidir. Bizə bu bazara daxil olmaq üçün xeyli vaxt lazım oldu. Və əgər mənim iradəm olsaydı, bu daha əvvəl baş verərdi. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olması daha yaxşıdır", - Herd bildirib.
Onun sözlərinə görə, Azərbaycan sürətlə inkişaf edən ölkədir. O, əminliyini bildirib ki, həmçinin "Ogilvy & Mather" şirkəti tərəfindən ölkədə təklif olunan xidmətlər də artacaq.
"Biz ölkədə reklam bazarının inkişafı potensialını görürük", - Herd bildirib.
Mərkəzi Nyu-Yorkda yerləşən "Ogilvy & Mather" beynəlxalq agentliyi reklam, marketinq və PR-la məşğul olur. "Ogilvy & Mather" şirkətinin müştəriləri sırasında "American Express", "BP," "Ford", "IBM", "Nestle" və başqa şirkətlər var.

Herd qeyd edib ki, şirkətdə 126 ölkədə 25 min insan çalışır ki, bu da önəmli göstəricidir. Onun sözlərinə görə, şirkətin öz işçilərindən əsas tələbləri səmərəililik və kreativlikdir.
"Bu,müştərilər üçün biznesdir. Biz müştərilərə məsləhətlər veririk, müştərilərimiz üçün işləyirik və buna görə də dürüst olmalıyıq", - Herd bildirib.

"Bizim əsas məqsədimiz birinci olmaqdır. Mən hesab edirəm ki, son bir neçə il ərzində biz yaxşı iş görmüşük",- Herd qeyd edib.

O, həmçinin deyib ki, kreativlik və səmərəlilik şirkətin iki əhəmiyyətli, ayrılmaz kompanentidir.

Bununla yanaşı, Herdin sözlərinə görə, şirkət bəzən müəyyən çətinliklərlə də rastlaşmalı olur. Nümunə kimi, əksər ölkələrdə iqtisadi böhran zamanı müştərilərin daha ehtiyatlı olduğunu və reklama həvəssiz pul xərcləmələrini göstərib. Ancaq onun sözlərinə görə, belə yanaşma məqsədəuyğun sayılmır. Onun fikrincə, xərclənən pullar məsrəf yox, öz biznesinə yatırılan investisiyadır.

İnternet reklamı və televiziya reklamı arasında rəqabətdən danışarkən Herd onlar arasında fərq qoymağa ehtiyac görmədiyini bildirib və əlavə edib ki, bununla belə, internet bazarda böyük oyunçuya çevrilir.

O, həmçinin sosial şəbəklərin reklam bazarındakı rolunu qeyd edib. Onun sözlərinə görə, baxmayaraq ki, bu rol bəzən həddindən artıq dəyərləndirilir, hər halda bugünkü dünyada sosial şəbəkələrin əhəmiyyətini etiraf etmək lazımdır.

Mətbuat konfrasında çıxış edən "ADS Media" şirkətinin baş direktoru Elxan Mahmudov bildirib ki, son bir neçə il ərzində Azərbaycanın reklam bazarı böyük inkişaf yolu keçib.
Mahmudov hesab edir ki, Azərbaycanda "Ogilvy" agentliyi timsalında yeni tərəfdaşın yaranması ölkə bazarının yeni səviyyəyə çıxmasına kömək edəcək.

Onun sözlərinə görə, ölkə bazarına "Ogilvy" şirkətinin daxil olmasının əsas üstünlükləri kimi yeni iş yerlərinin açılması, yeni texnologiyaların tədbiqi, bu sahədə mütəxəsislərinin sayının artırılması və əlbəttə, bütovlükdə reklam bazarının təkmilləşdirilməsi, həmçinin yeni biznes-brendlərin yaranmasına səbəb olacaq.

"Biz ümid edirik ki, bu əməkdaşlıq Azərbaycanda brendlərin sayının artmasına səbəb olacaq və bu da öz növbəsində, ölkədə reklam bazarının genişlənməsinə səbəb olacaq",- Mahmudov bildirib.

O, həmçinin qeyd edib ki, hazırda 80 milyon ABŞ dolları olan reklam büdcəsi 2015-ci ilə qədər 300-400 milyon ABŞ dollarına çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti