Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.Əliyev/
Qafqaz və Mərkəzi Asiya regionunda (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan) neft və qaz ixracatçıları üçün yaxın perspektivlər ümumilikdə əlverişli olaraq qalır ki, bu da regionun Avropa ilə məhdud birbaşa əlaqələrini, həmçinin neftin yüksək qiymətlərinin saxlanmasını əks etdirir. Trend xəbər verir ki, bu barədə Beynəxalq Valyuta Fondunun (BVF) yaydığı məlumatda deyilir.
Məlumata görə, region dinamik iqtisadi artım göstərməkdə davam edib, lakin ötən il bu rəqəm 5,7 faiz təşkil edib ki, bu da əvvəlki illərin göstəricisindən bir az aşağıdır: "2013-2014-cü illərdə neft və qaz ixrac edən ölkələrin əksəriyyətində artım 5-8 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu da qeyri-neft sahələrində fəal artıma, Qazaxıstanda isə neft istehsalının artırılmasına yardım edəcək".
BVF ekspertlərinin fikrincə, dünyada artımın mümkün azalması, regionda geosiyasi risklər və digər məsələlərlə bağlı artım göstəricilərinin azalması riskləri yenə də region ölkələrinin iqtisadi perspektivlərinə mənfi təsir edir.
Fondun qənaətincə, ortamüddətli pesrpektivdə regionun əsas vəzifəsi iş yerlərinin yaradılması və geniş baza ilə yüksək və davamlı artıma yardımdır: "Qafqaz və Mərkəzi Asiyanın bəzi ölkələri kommersiya fəaliyyəti üçün əlverişli şərtlərin yaradılmasında uğurlar əldə ediblər. Həmin ölkələrdə bu istiqamətdə işləri davam etdirmək lazımdır. Region ölkələri idarəetmənin keyfiyyətini artırmaq üçün köhnə struktur çatışmazlıqlarını aradan qaldırmaq məqsədilə islahatları aktiv şəkildə bərpa etməlidir. Ölkələr öz iqtisadiyyatlarını şaxələndirmək üzrə daha fəal çalışmalı, infrastrukturu təkmilləşdirməli, iqtisadiyyatda dövlətin rolunu azaltmalı və idarəetmənin keyfiyyətini artırmalıdırlar. Regional ticarət üçün maneələrin aradan qaldırılması iqtisadi diversifikasiya və artımın yüksəlməsinə yardım edəcək".