Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir E.Əliyev/
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı layihəsi 2012-ci ilin sentyabrında son icmal missiyasından etibarən davamlı tərəqqiyə nail olub. Trend-in məlumatına görə, bu barədə layihəni maliyyələşdirən Dünya Bankının (DB) missiyasının hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, əmlakın qeydiyyatı üçün tələb olunan günlərin sayı 2012-ci ilin sonu ilə müqayisədə orta hesabla daha dörd gün azalıb: "Hazırda əmlakın qeydiyyata alınması üçün lazım olan vaxt 14 gündür. Layihənin başladığı vaxt isə bu rəqəm 30 gün təşkil edirdi".
DB mütəxəssisləri bu sahədə istehlakçıların məmnunluq səviyyəsinin kəskin artdığını vurğulayırlar: "Rəyi soruşulan respondentlərin təxminən 75 faizi öz mülklərinin qeydiyyatı zamanı təqdim olunan xidmətlərin keyfiyyətindən məmnun olduqlarını bildiriblər. İstehlakçıların məmnunluğunun kəskin artımı əsasən Azərbaycanda elektron xidmətlərin inkişafı ilə izah edilir".