Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
Sentyabrın 13-də Ukraynanın Kiyev şəhərində Beynəlxalq İşəgötürənlər Təşkilatının Avropa və Mərkəzi Asiya ölkələrindən olan üzvlərinin geniş iclası çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Ukrayna İşəgötürənlər Konfederasiyasının prezidenti Dmitri Fırtaş arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
ASK-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Sahibkarlar Konfederasiyası və Ukrayna İşəgötürənlər Konfederasiyası Azərbaycan və Ukraynanın biznes dairələrinin ikitərəfli kommersiya əlaqələrini daha da gücləndirmək, özəl sektorda birgə və səmərəli fəaliyyət, hər iki ölkənin iş adamları və sənayeçiləri arasında iqtisadi əlaqələri daha da inkişaf etdirmək məqsədilə müntəzəm olaraq yüksək səviyyəli forumların təşkili barədə razılığa gəliblər.
Hər iki ölkənin iş adamlarının forumlarda iştirakının müntəzəm təşkili, ikitərəfli iqtisadi əlaqələrin davamı, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya, müasir texnologiyaların əldə olunması, daşınması, müxtəlif xidmətlərin göstərilməsi kimi zəruri məsələlərin müzakirəsi və əyani olaraq öyrənilməsi müqavilənin əsas məqsədini təşkil edir.