...

Müşavir: İran Azərbaycanın iş adamları ilə əlaqələrin canlanmasında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2013 15:23 (UTC +04:00)
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İranın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Məhəmmədtaği Rizayanla görüşərək, iki ölkənin sahibkarlıq təşkilatlarının fəaliyyətini müzakirə edib.
Müşavir: İran Azərbaycanın iş adamları ilə əlaqələrin canlanmasında maraqlıdır

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İranın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Məhəmmədtaği Rizayanla görüşərək, iki ölkənin sahibkarlıq təşkilatlarının fəaliyyətini müzakirə edib.

Trend-in ASK-ya istinadən verdiyi məlumata görə, Azərbaycanda 500 minədək sahibkarın fəaliyyət göstərdiyini deyən M.Musayev bildirib ki, 70-dək assosiasiya ASK-nın üzvüdür, konfederasiya sahibkarların hüquqlarını müdafiə edən təşkilatdır.

Azərbaycanla İran arasında iqtisadi əlaqələrə toxunan ASK-nın prezidenti iranlı iş adamları ilə qarşılıqlı əməkdaşlığa hazır olduqlarını deyib. O bildirib ki, ASK ölkəmizdə fəaliyyət göstərmək istəyən iranlı iş adamlarına hər zaman lazımi kömək göstərməyə hazırdır.

M.Rizayan isə öz növbəsində bildirib ki, iki ölkə arasındakı mövcud iqtisadi əlaqələri bundan sonra daha da canlandırmaq arzusundadırlar: "İranda yeni seçilən hökumətin siyasətinin əsas istiqamətlərindən biri də xarici ölkələrlə, o cümlədən Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirməkdir". Qonaq tranzit əlaqələrin yaranmasına üstünlük verdiklərini də istisna etməyib.

Sonda ASK tərəfindən İran tərəfinin razılğı əsasında əməkdaşlıq şurasının yaradılması təklif olunub.

Qeyd edək ki, konfederasiya bu günədək bir neçə ölkə ilə birgə əməkdaşlıq şurası yaradıb ki, bu şura il ərzində bir neçə dəfə yığışaraq biznes sahəsindəki mövcud vəziyyəti müzakirə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti